Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev BAKU.NEWS saytının suallarını cavablandırıb.
İlk öncə fəaliyyətinizlə bağlı oxucularımıza məlumat verəsiniz.
İlk öncə oxucularımızı salamlayıram və verəcəyiniz sualların qarşılığı olaraq verdiyimiz məlumatların faydalı olacağına ümid edirəm. Hal-hazırda pandemiyanın ilk günlərindən Mərkəzi Gömrük Hospitalının COVİD-19 ilə mübarizəyə qoşulması ilə əlaqədar hospitalın bütün əməkdaşları ilə bərabər, çiyin-çiyinə çalışmaq fəaliyyətimin bir hissəsini təşkil edir. Lakin bildiyiniz kimi ixtisasım travmatologiya-ortopediya üzrədir, cərrahiyyə işimin əsas hissəsidir və buna görə də ixtisasım üzrə də çalışmaqda davam edirəm.
Son zamanlar ən çox hansı şikayətlərlə müraciət edənlər çoxluq təşkil edir?
Hal-hazırda daha çox eyni şikayətlərlə müraciət edənlər yaş qrupuna görə fərqlidir. Gənc yaş qrupuna daxil olan pasiyentlərimiz hal-hazırda daha çox onurğa problemləri, xüsusən də bel-oma nahiyəsində olan ağrı şikayətləri ilə daha çox müraciət edirlər. Bunun da səbəbləri müxtəlifdir – az hərəkətli və oturaq həyat tərzi, artıq çəki, ağır fiziki iş bu tip şikayətlərin yaranmasına nədən olur. Orta yaş, yaşlı qrup pasiyentlərimiz onurğa problemlərindən başqa, daha çox oynaq-əzələ ağrıları ilə tez-tez müraciət edirlər. Covid-19 pandemiya dövründə periodik olaraq müxtəlif məhdudiyyətlərin tətbiqi bu tip şikayətləri olan pasiyentlərin sayını sanki artırmışdır. Həmçinin, postcovid, postvaksin oynaq-əzələ ağrıları ilə müraciət edənlərə də gündəlik təcrübəmizdə tez-tez rast gəlirik.

Bəzən travma alan insanlar həkimə getmir, vaxt keçdikcə sağalacağına ümid edirlər. Belə yanaşma tibbi baxımdan nə dərəcədə doğrudur?
Travmanın növündən və ağırlıq dərəcəsindən asılı olaraq həkimə zamanında müraciət etməyən xəstələrdə travmalar müxtəlif ağırlaşmalara gətirib çıxara bilir. Əlbəttə ki, bütün travmalar fəsadlara həmişə yol açmır, xüsusən də yüngül xarakterli travmalar qısa zamanda spontan sağalır və travma almış şəxslər hər hansı bir problemlərlə üzləşmir. Adətən bu səbəbdən təkrar travma almış şəxs aldığı zədənin tez bir zamanda sağalacağını düşünərək həkimə müraciət etmir. Bəzən də vaxtının məhdudluğuna bağlı müraciət etmək imkanları olmadığından, sonradan travmanın nəticələrinə görə daha çox vaxt itirilməsinə gətirib çıxaran problemlərlə üzləşirlər. Bu səbəbdən zamanında göstərilmiş tibbi yardım, aparılmış düzgün müalicə ilə travma nəticəsində yaranmış problemləri aradan qaldırmaqla pasiyentlərin tez bir zamanda sağalmasını təmin etmək və ən azından daha dərin ağırlaşmaların qarşısını almaq mümkündür.
Siz ikinci Vətən müharibəsi zamanı yaralı olan əsgərlərimizi müalicə və əməliyyat etmisiniz. Bu barədə maraqlı olar məlumat verəsiniz. Bu dövr ərzində nə qədər əməliyyatlar həyata keçirmisiniz?
Əvvəlcə fürsətdən istifadə edib möhtərəm Prezidentimiz – Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı ilə müzəffər ordumuzun torpaqlarımızı 30 illik işğaldan azad etməsinə görə çox sevincli olduğumu qeyd etmək istəyirəm. Bütün şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin, qazilərimizə uzun, mənalı ömür arzulayıram. Şəhid analarının qarşısında isə baş əyirəm!
Bildiyiniz kimi Mərkəzi Gömrük Hospitalı 2020-ci il oktyabr, noyabr aylarında ikinci pandemiya dalğasından sonra əvvəlki iş rejimində çalışırdı. İkinci
Vətən Müharibəsi zamanı digər sağlıq mərkəzləri kimi hospitalımızın da yaralı əsgər, zabitlərimizə yüksək ixtisaslı tibbi yardımın göstərilməsində fəaliyyəti olmuşdur. Həmin dövrdə hospitalımızın bütün kollektivi yaralıların müalicəsinin aparılmasında yorulmadan komanda şəklində çalışmışdır. Daha ağır yaralıların müalicəsi isə anesteziologiya-reanimasiya şöbəsində aparılmışdır. Artıq bir ilə yaxın vaxt ötdüyü üçün əməliyyatların dəqiq sayı haqqında məlumat vermək çətindir. Bizim üçün ən önəmli əməliyyatların sayı yox, edilmiş əməliyyatlar sayəsində yaralılarımızın şəfa tapmaları idi.
Müalicə əsnasında yaralılarda vətənə olan sevginin, torpaqlarımıza olan bağlılığın, ordu sıralarına sağalıb tezliklə qayıdıb yenidən vuruşmaq həvəsinin, mərdliklərinin, olduqca cəsarətli olmaqlarının canlı şahidi olduq.
Zamanında göstərdiyimiz tibbi xidmət – apardığımız müxtəlif əməliyyatlar, konservativ müalicələrin nəticəsində yaralılarımızın sağalmasında iştirak etdiyimiz üçün qürurluyuq. Həmçinin yüksək ixtisaslı tibbi yardımın təşkilinə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyeva, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədova dərin minnətdarlığımı bildirirəm.
Cəmiyyətdə belə bir fikir var ki, yaş artdıqca oynaq problemləri də artır. Həqiqətən də oynaq problemləri yaşa bağlıdır?
Bütün oynaq problemlərini yaşın artması ilə əlaqələndirmək düzgün olmazdı. Çünki oynaq xəstəlikləri və onları yarada biləcək səbəblər müxtəlifdir. Gənc yaş qrupuna aid pasiyentlərimizin çoxunda posttravmatik yaranmış oynaq problemləri ilə tez-tez rastlaşırıq. Buna menisk zədələnmələri, oynaqdaxili-oynaqətrafı bağ aparatının zədələnmələri və bu zədələnmələrin nəticəsində yaranmış oynaq problemlərini misal çəkmək olar. Lakin erkən yaşlarda keçirilmiş oynaq xəstəlikləri, travma nəticəsində yaranmış oynaq zədələnmələri yaş artdıqca – xüsusən də 50 yaşın üstü şəxslərdə oynaq problemlərinin yaranmasına gətirib çıxarır. Bu halda oynaqlarda qığırdağın qısa müddət ərzində incəlməsi – aşınması, oynaq ətrafı deformasiyalar yarana bilir. Bir qrup pasiyentlərimizdə yaş artdıqca isə etiologiyası bəlli olmayan oynaq problemləri ilə də tez-tez rastlaşırıq.
Yaş artdıqca demək olar ki, bütün insanlarda qığırdaq toxumasının tədricən incəlməsi prosesi davam edir. Yaşlı pasiyentlərimizin əksəriyyətində, xüsusən də qadınlarda artroz tez-tez müşahidə olunur və artrozun dərəcəsindən asılı olaraq müalicəsində konservativ, operativ müalicə üsullarını gündəlik təcrübəmizdə tətbiq edirik.
Hansı idman növləri hansı yaşda uşaqlar üçün faydalı, yaxud ziyanlıdır?
İdman növləri müxtəlifdir, uşaqların seçdiyi, sevdiyi idman növünə kəskin məhdudiyyətlər qoymaq mümkün deyildir. Lakin ağır idman növləri uşaqlar üçün birmənalı zərərlidir, çünki böyüməkdə olan orqanizmi ağır idman növü ilə yükləmək müəyyən xoşagəlməz fəsadlarla nəticələnə bilir. Uşaqlar üçün daha çox gimnastika, rəqs, velosiped və ən çox tövsiyə etdiyim idman növü – üzgüçülüklə məşğul olmaqları daha məsləhətlidir. Bəzən ağırlıq qaldırma, qaydasız döyüşlə məşğul olan pasiyentlərimiz də olmuşdur. Bu tip idman növlərini və 14-16 yaşına qədər məşğul olmalarını tövsiyə etmirəm.
Uşaqlarda yastıpəncəlik halları çoxdur. Bunu necə aradan qaldırmaq olur?
Uşaqlarda yastıpəncəlik çox yayılmış və gündəlik praktikamızda rast gəldiyimiz bir patologiyadır. Bizə müraciət edən uşaqların çoxunda bu patologiya ilə tez-tez üzləşirik. Pəncələrdə əzələ-bağ aparatının zəifliyi – pəncələrin köndələn və yaxud boylama qövslərinin yastılaşması nəticəsində yaranır. Bu qövslərin, xüsusən də boylama qövslərinin yastılaşması pəncələrdə deformasiyalarla yanaşı eyni zamanda pəncənin bayıra doğru valgus əyriliyinə, topuqların içə doğru meyllənməsinə gətirib çıxarır. Yastıpəncəlik, həmçinin, dayaq-hərəkət sisteminin biomexanikasının pozulması nəticəsində onurğada da əyriliklərin yaranması ilə tez-tez müşahidə olunur. Yastıpəncəliyin aradan qaldırılmasının müxtəlif müalicə üsulları vardır. Konservativ müalicə üsullarına – ortopedik içliklər, ortopedik ayaqqabılar, massaj, pəncəaltı və topuqətrafı əzələlərin gücləndirilməsi üçün fizioterapiya misaldır. Əgər aparılmış konservativ müalicə üsulları effektsizdirsə, yaş keçdikcə yastılıq artırsa, digər yuxarıda qeyd etdiyimiz fəsadlara gətirib çıxarırsa, əməliyyat yolu ilə yastıpəncəlik korreksiya edilə bilir.
Sahənizdə son dövrlər hansı yeniliklər tətbiq olunur?
Dayaq-hərəkət sisteminin mürəkkəb quruluşana görə travmatologiya-ortopediya tibbin çox geniş sahələrindən biridir və aparılan konservativ müalicələr, əməliyyatlar da müxtəlif, mürəkkəbliyinə görə fərqlənir. Bu səbəbdən travmatologiya-ortopediya sahəsi sürətlə inkişaf edərək yeniliklərlə doludur. Biz də bu yeniliklərə yiyələnmək və gündəlik praktikamızda tətbiq etmək üçün çalışırıq. Müxtəlif, xüsusən də mürəkkəb əməliyyatların icrası üçün formalaşmış bir komanda şəklində çalışmaq lazımdır. Mərkəzi Gömrük Hospitalı müasir avadanlıqlarla təmin edilməklə yanaşı, hospitalda eyni zamanda ixtisaslaşmış, təcrübəli mütəxəssislər çalışır. Bu səbəbdən hər hansı bir yeniliyi tətbiq etmək üçün hospitalımız geniş imkanlara malikdir. Öz sahəmiz üzrə yeni əməliyyat növləri daha çox yeni növ implantların istifadəsi ilə həyata keçirilir və ortopedik, travma əməliyyatlarının icrası üçün müxtəlif qapalı, az invaziv üsulları tətbiq edirik.
Geniş və ətraflı müsahibə üçün təşəkkür edirik
Çox sağolun!
Sevinc Kərimova
BAKU.NEWS


