Uşaqlarda gecə xorultuları bütün yaş dövrlərində müşahidə edilən bir haldır. Gecə xorultusunun yaranmasında məntiq bir növ orqanizmin gecə istirahət etməsidir. Bu zaman orqanizmin bütün hissələri kimi yumşaq damaq da istirahət edir, yəni boşalır. Bu halda yumşaq damaq dilin kökünə yaxınlaşır.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 9 nömrəli Uşaq Poliklinikasının həkim-otorinolarinqoloqu Zemfira Hümbətovanın sözlərinə görə, uşaqlarda gecə xorultuları bir çox valideyni maraqlandıran və narahat edən mövzudur:
“Adətən, uşaqda xorultu var dedikdə yalnız adenoid haqqında düşünülür. Doğrudur, adenoid xorultuya səbəb olur, lakin həmişə xorultunun səbəbi adenoid deyil. Əksər valideynlər çıxış yolu kimi əməliyyatı görür. Ya təcili əməliyyat elətdirir, ya da gələcəkdə əməliyyat etdirmək səbəbi ilə müayinə və müalicəni arxa plana salır. Adenoid kəsildikdən sonra belə xorultu bir müddət sonra yenə davam edir”.
Z.Hümbətova adenoidi təsdiqləmək üçün radioloji müayinəyə ehtiyac olduğunu bildirir:
“Bir nüansı da qeyd edim ki, burun tənəffüsünün pozulması qulaqda eşitmə problemləri də yaradır”.
Həkim-otorinolarinqoloq burun və onun əlavə ciblərinin iltihabi xəstəliklərinin (haymorit, frontit, etmoidit, sfenoidit) də uşaqlarda gecə xoruldumalarına səbəb ola biləcəyini deyir:
“Bu, digər səbəblərdən də baş verə bilər. Yuxarı tənəffüs orqanlarının inkişaf anomaliyaları, damaq badamcıqlarının hipertrofiyası, bronxial astma, uşaqlarda artıq çəki də təsir edən amillər sırasına daxildir. Bu zaman uşağı zəruri müayinələrdən keçirmək, səbəbin müəyyən edilməsi və onun aradan qaldırılması üçün düzgün müalicə metodlarının tətbiq olunması çox vacibdir”.
Həkim-mütəxəssis valideynlərə səslənərək bu kimi halların qarşısının alınması üçün bir sıra profilaktik tədbirlərin görülməsini də tövsiyə edir:
“Valideynlər uşaqlarını müxtəlif dərnəklərə aparsın, onlar mahnı oxumaq, nəfəs alətlərində çalmaq kimi bacarıqlara yiyələnsin. Bunlar xoruldamanın qarşısını tam almasa da, aradan qaldırılmasına müsbət təsir göstərir. Eyni zamanda, uşağın yatdığı otaqda hava rejiminə nəzarət edilməlidir”.
Əgər uşaqlarınızda bu hal tez-tez təkrarlanaraq, narahatlıq yaradırsa, ilkin səhiyyə xidməti müəssisələrindəki həkim-pediatrlara və həkim-otorinolarinqolaqlara müraciət etməyiniz məsləhətdir.


