Ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını – doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət – vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi müasir müstəqillik tariximizin dönüş nöqtəsi oldu. Eyni zamanda, həmin vaxt ölkəmiz olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən – 1993-cü ilin iyun hadisələri zamanı xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. 30 il bundan əvvəl – 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı”.
Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yerinin və rolunun olduğunu deyən YAP Mərkəzi Aparatının rəhbərinin sözlərinə görə, bu, xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: “Qurtuluş məfkurəsi Heydər Əliyevin xilaskarlıq missiyası kimi Azərbaycana tarixi uğurlar qazandırmış və xalqımıza şanlı qələbələr bəxş etmişdir.
S.Kərimova


