Türkiyənin Ermənistanla quru sərhədini açması ehtimalı Cənubi Qafqazda geosiyasi balans, regional nəqliyyat marşrutları və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı yeni suallar doğurur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sərhədin yaxın vaxtlarda açıla biləcəyinə dair son açıqlaması bu müzakirələri yenidən aktuallaşdırıb. Hazırda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı müzakirələr davam edir. Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalar məsələsi isə gündəmdə qalır.
Bəs Ankara sərhədi sülh sazişindən əvvəl açarsa, Azərbaycan hansı diplomatik və iqtisadi addımlarla öz maraqlarını qoruya bilər? Belə bir ssenari Ermənistanın sülh sazişini imzalamaq və konstitusiya dəyişikliyinə getmək məsələsində mövqeyinə təsir göstərə bilərmi? Rəsmi Bakının mümkün “B planı” hansı istiqamətləri əhatə edə bilər?
Globalinfo.az-a danışan politoloq Mətin Məmmədli bildirib ki, Azərbaycan Türkiyəni özünə ən yaxın dost, müttəfiq və qardaş dövlət hesab edir:
“Ölkəmiz müttəfiq hesab etdiyi dövlətə qarşı heç bir gizli planla hərəkət etmir. Eyni münasibəti qardaş və müttəfiq ölkələrdən də gözləyir. Ermənistan-Türkiyə sərhədinin açılmasına gəlincə, son illərdə baş verənlərə nəzər salsaq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin paralel getdiyini görərik. Xüsusilə Türkiyə və Azərbaycan bu məsələdə koordinasiyalı siyasətə üstünlük verirlər.
Mən Türkiyənin Azərbaycanla məsləhətləşmədən qərar qəbul edəcəyini gözləmirəm. Açığı, belə bir qərarın verilməsini istəməzdim”.
Politoloq digər məqama diqqət çəkib:
“Fikrimcə, sərhədlər açılarsa, bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər. Çünki Ermənistanla aramızda sülh prosesi davam edir. Sülhün institusionallaşması isə hələ başa çatmayıb. İki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.
Ermənistanda ciddi revanşist meyillər müşahidə edirik. Bütün bu proseslər fonunda sərhədlərin açılması müəyyən mənada Ermənistanın sülh müqaviləsini imzalamaq məsələsinə təsir göstərə bilər.
Bu məsələlər Azərbaycanla aydınlaşdırıldıqdan sonra Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi baş verə bilər”.
TREND
- Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
- Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
- Bakıdan Türkmənistana narkotik aparan dənizçi tutuldu: “Mirvari” gəmisində ƏMƏLİYYAT
- Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı
- Bakıda keçirilən NATO təlimi başa çatıb
- Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? – Siyahı
- Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
- Metrodan istifadə edənlər azalıb


