İyulun 2-də saat 19 radələrində Tərtər rayonu, Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
BAKU.NEWS xəbər verir ki, Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ömər Ağazadə 03 iyul 2020-ci il tarixdə aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


