Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış ortaq tarix, dil, din və mədəniyyət kökləri birləşdirir. İki qardaş ölkə arasındakı münasibətlərin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məhz həmin sarsılmaz mənəvi təmələ söykənir.
Türkmənistan Prezidentinin bu günlərdə Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçılarının çıxışlarında mədəni-humanitar əlaqələrin dövlətlərarası münasibətlərdə oynadığı müstəsna rol bir daha öz təsdiqini tapdı. Möhtərəm Prezident İlham Əliyev mətbuata bəyanatında bu bağların xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını və ikitərəfli əməkdaşlığa xüsusi bir dinamizm qazdandırdığını ifadə etdi. Mədəniyyət xadimlərinin qarşılıqlı səfərləri və yaradıcı kollektivlərin çıxışları bu birliyin canlı göstəricisidir. Son dövrlərdə humanitar sahədə atılan praktiki addımlar xüsusilə diqqət çəkir.
Cari ilin iyun ayının əvvəlində həm Aşqabadda, həm də Türkmənistanın müasir şəhərsalma nümunəsi olan Arkadağ şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkili bu istiqamətdə mühüm hadisə olmuşdur. Eyni şəkildə, ötən il Türkmənistan mədəniyyət xadimlərinin Bakı və Gəncə şəhərlərində keçirilən mədəniyyət tədbirlərində iştirakı Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Bu cür tədbirlər sadəcə sənət mübadiləsi deyil, həm də ortaq dəyərlərin gənc nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Mədəni inteqrasiya ölkələrimiz arasında siyasi və iqtisadi sahədə formalaşan tərəfdaşlığın sosial təməlini daha da möhkəmləndirir.
Şəhərlərin qardaşlaşması tendensiyası da bu yaxınlaşmanın fərqli və mühüm bir təzahürüdür. Bakı və Aşqabad şəhərlərinin, eləcə də rəmzi və tarixi əhəmiyyətə malik Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması ölkələrimiz arasındakı səmimi və dostcasına münasibətlərin coğrafiyasını genişləndirir. Şəhərlər arasındakı bu birbaşa təmaslar yerli idarəetmə orqanları, elm və təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına imkan verir. Dövlət başçılarının xüsusi diqqət yetirdiyi bu sahə əməkdaşlığımızı real, konkret məzmunla zənginləşdirir və qarşılıqlı fəaliyyətimizin dərinləşməsinə xidmət edir. Tarixi və mədəni bağlar bu gün iki dövlətin ortaq gələcəyini quran ən güclü amil kimi çıxış edir.
Orucəli Hüseynov
Neftçala rayonu


