Azad söz demokratik cəmiyyətin gücüdür. Ancaq sözün həqiqi dəyəri yalnız onu sərbəst ifadə etməkdə deyil, həm də bu azadlıqdan məsuliyyətlə istifadə etməkdədir. Müasir informasiya mühitində hər bir fikir, paylaşım və informasiya ictimai rəyi formalaşdırmaq gücünə malikdir. Buna görə də söz və ifadə azadlığının təmin edilməsi ilə insan şərəf və ləyaqətinin qorunması arasında tarazlığın saxlanılması insan hüquqlarının mühüm tələblərindən biri kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə “18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” təsis edilmişdir. Hər il bu əlamətdar tarix münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən İnsan Hüquqları Aylığı elan olunur və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə geniş maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətlər arasında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də söz və ifadə azadlığının təmin edilməsi, həmin hüququn məsuliyyətli şəkildə həyata keçirilməsi və insan ləyaqətinin qorunmasıdır.
Demokratik cəmiyyətin təməl dəyərlərindən biri
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının geniş yayılması və rəqəmsal kommunikasiya imkanlarının artması hər bir insana öz fikirlərini sərbəst ifadə etmək, ictimai məsələlərə münasibət bildirmək və cəmiyyət həyatında fəal iştirak etmək imkanı yaradıb. Bu reallıq söz və ifadə azadlığının əhəmiyyətini daha da artırıb.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəs fikir və söz azadlığı hüququna malikdir. Bu hüquq insanın düşüncələrini sərbəst şəkildə ifadə etməsinə, müxtəlif məlumat və ideyaları əldə etməsinə, yaymasına və ictimai müzakirələrdə iştirakına hüquqi təminat yaradır.
Söz azadlığı demokratik cəmiyyətin formalaşması, ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın təmin olunması və vətəndaş iştirakçılığının genişlənməsi baxımından fundamental hüquqlardan biri hesab olunur. Məhz bu hüquq cəmiyyətin inkişafına, dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına və ictimai dialoqun güclənməsinə xidmət edir.
İnformasiya almaq və yaymaq hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəs qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququna malikdir. Bu norma vətəndaşların məlumatlandırılması, cəmiyyətin obyektiv informasiya ilə təmin olunması və ictimai maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Demokratik cəmiyyətin vacib elementlərindən olan müstəqil media, peşəkar jurnalistika və fərqli fikirlərin sərbəst ifadəsi ictimai inkişafın mühüm amilləridir. Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, sağlam tənqid inkişafın əsas şərtlərindən biridir. Problemlərin üzə çıxarılması, nöqsanların göstərilməsi və onların aradan qaldırılmasına yönəlmiş tənqid cəmiyyətin tərəqqisinə xidmət edir.
Düzgün informasiya cəmiyyətin inkişafının vacib şərtidir
Müasir dünyada informasiya yalnız xəbər mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, insanların qərarvermə prosesinə və dövlət-cəmiyyət münasibətlərinə təsir göstərən mühüm vasitədir. Bu səbəbdən cəmiyyətin düzgün, obyektiv və etibarlı informasiya ilə təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media qurumlarına verdiyi çoxsaylı müsahibələrdə informasiya məkanında obyektivliyin, peşəkarlığın və həqiqətə söykənən yanaşmanın vacibliyini dəfələrlə vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, vətəndaşlar hadisələr barədə doğru və dolğun məlumat əldə etməli, ictimai rəy isə faktlar üzərində formalaşmalıdır. Bu baxımdan media cəmiyyətin məlumatlandırılmasında və ictimai etimadın möhkəmləndirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev xüsusilə müasir dövrdə dezinformasiyanın və saxta xəbərlərin yaratdığı təhlükələrə diqqət çəkərək, informasiya sahəsində məsuliyyətli fəaliyyətin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan fəaliyyət də göstərir ki, informasiya azadlığı ilə informasiya məsuliyyəti bir-birini tamamlayan anlayışlardır.
Bu gün jurnalistlər, media qurumları, blogerlər və sosial media istifadəçiləri yaydıqları məlumatların doğruluğunu yoxlamaq, etibarlı mənbələrə istinad etmək və cəmiyyətin düzgün məlumatlandırılması prinsipinə sadiq qalmaq məsuliyyəti daşıyırlar. Çünki azad informasiya mühiti yalnız həqiqətə, obyektivliyə və peşəkarlığa söykəndiyi zaman öz məqsədinə xidmət edə bilir.
Azadlıqla yanaşı məsuliyyət də var
Söz və ifadə azadlığı geniş imkanlar yaratsa da, bu hüquq qeyri-məhdud xarakter daşımır. İnsan hüquqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına hörmət prinsipi ilə müşayiət olunmalıdır.
Bu baxımdan söz azadlığı təkcə fikir bildirmək hüququ deyil, həm də həqiqətə, obyektivliyə, ədalətə və insan ləyaqətinə hörmət etmək məsuliyyətidir.
Faktlara əsaslanan, ictimai maraqlara xidmət edən tənqid hüquqi dövlət və demokratik cəmiyyət üçün vacibdir. Lakin təhqir, alçaltma, böhtan və ya qərəzli məlumatların yayılması nə söz azadlığının məqsədlərinə, nə də insan hüquqlarının mahiyyətinə uyğun gəlir. Tənqidlə təhqir arasındakı sərhəd məhz burada başlayır.
İnsan ləyaqəti hər şeydən üstündür
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqəti qorunur və heç kəs insan ləyaqətini alçaldan rəftara məruz qala bilməz.
İnsan ləyaqətinin qorunması yalnız dövlətin və dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Bu prinsip ənənəvi media ilə yanaşı, sosial şəbəkələrdə, internet resurslarında və digər rəqəmsal platformalarda fəaliyyət göstərən hər bir şəxsə şamil olunur.
Xüsusilə sosial media dövründə hər bir paylaşımın, şərhin və ya yayılan məlumatın insan taleyinə, ictimai münasibətlərə və cəmiyyətin mənəvi mühitinə təsir göstərə biləcəyi nəzərə alınmalıdır.
Media və ictimai təsir imkanlarına malik şəxslərin rolu
Müasir informasiya mühitində jurnalistlər, media nümayəndələri, blogerlər, inflüenserlər və ictimai rəyə təsir göstərən digər şəxslər xüsusi məsuliyyət daşıyırlar. Onların paylaşdığı məlumatlar insanların düşüncəsinə, davranışına və ictimai proseslərə birbaşa təsir göstərir.
Buna görə də informasiya fəaliyyətində obyektivlik, dürüstlük, dəqiqlik, qərəzsizlik, peşə etikası və insan hüquqlarına hörmət əsas prinsiplər kimi çıxış etməlidir. Bu yanaşma Azərbaycan Respublikasının “Media haqqında” Qanununda təsbit olunmuş prinsiplərlə də tam uzlaşır.
Nəticə
İnsan hüquqları yalnız qanunlarda yazılmış müddəalar deyil. İnsan hüquqları eyni zamanda fərqli düşünən insanı dinləmək, müxtəlif baxışlara hörmətlə yanaşmaq, öz mövqeyini qarşı tərəfin şəxsiyyətini hədəfə almadan ifadə etmək və ictimai münasibətlərdə insan ləyaqətini qorumaq mədəniyyətidir.
Güclü cəmiyyət yalnız eyni fikirləri bölüşən insanların yaşadığı cəmiyyət deyil. Güclü cəmiyyət fərqli mövqelərin sərbəst ifadə olunduğu, sağlam tənqidin qəbul edildiyi, həqiqətə dəyər verildiyi və hər bir insanın şərəf və ləyaqətinin qorunduğu cəmiyyətdir.
Söz və ifadə azadlığının əsas məqsədi qarşıdurma yaratmaq deyil, həqiqətin üzə çıxmasına, ictimai inkişafın təmin olunmasına və insan hüquqlarının müdafiəsinə xidmət etməkdir. Bu dəyərin qorunması dövlətin, medianın və cəmiyyətin hər bir üzvünün ortaq məsuliyyətidir.
Çünki azad söz yalnız sərbəst danışmaq imkanı deyil, həm də insan ləyaqətinə hörmət etməyi bacarmaqdır.
Araz Əsgərli


