Mərkəzi Gömrük Hospitalında “SOS Uşaq Kəndləri”nin yeniyetmələri üçün təlim və tibbi müayinələr keçirilib.
Mərkəzi Gömrük Hospitalında “SOS Uşaq Kəndləri”nin yeniyetmələri üçün “İlk təlim həyat qurtarır” mövzusunda təlim və tibbi müayinələr həyata keçirilib. Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Poliklinka şöbəsinin rəisi Tamilla Əliyeva, həkimlər, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının həkimi Anjela Əliyeva və yeniyetmələr iştirak ediblər.
Rəis müavini İsmayıl Əfəndiyev rəsmi açılışı hissəsində çıxış edərək bildirib ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış memoranduma əsasən Bakı və Gəncə şəhərlərində yerləşən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının sakinləri üçün davamlı olaraq sosial layihələr keçirilir və aksiyalar gələcəkdə də davam edəcək. İ.Əfəndiyev sosial tibbi aksiyada iştirak edən Mərkəzi Gömrük Hospitalının tibb personalına təşəkkürünü bildirib.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının həkimi Anjela Əliyeva yeniyetmələrə göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və həkimlərə dərin minnətdarlığını bildirib.
Daha sonra Mərkəzi Gömrük Hospitalının pediatrları – Dr. Nigar Mirzəyeva və Dr.Fərəh Vahabova, Nazilə Hüseynova, psixiatr Gülay Məmmədzadə, uşaq nevropatoloqu Mehriban Məmmədova, dermatoveneroloq Sevinc Kərimova, mama-ginekoloq Leyla Qaçaylı, USM həkimi Dr.Günay Əhmədova, funksionalist Nigar Rəhmətova və dermatoveneroloq Sevinc Kərimova öz sahələrinə müvafiq olaraq “SOS Uşaq Kəndləri”nin yeniyetmələrini müayinə ediblər.
Müayinələrdən sonra “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının yeniyetmələri Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova tərəfindən aparılan “İlk təlim həyat qurtarır” mövzusunda təlimdə iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.


