Möhtərəm Prezident cənab İlham Əliyev 4 may 2026-cı il tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında regionumuz üçün ciddi əhəmiyyət kəsb edən bir çox məqamlara diqqət çəkdi. Belə ki, bu gün sülh prosesinin artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret iqtisadi və humanitar nəticələr doğurduğu xüsusi vurğulandı.
Aydın şəkildə görünür ki, əldə olunmuş razılaşmalar fonunda regionda yeni əməkdaşlıq mərhələsi başlayıb və bu mərhələ real addımlarla müşayiət olunur. Artıq sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana indiyədək 28 min ton yükün çatdırılması təmin edilib. Bu göstərici təkcə tranzit imkanlarının açılması deyil, eyni zamanda uzun illər mövcud olmuş məhdudiyyətlərin aradan qaldırılması ilə regionda iqtisadi əlaqələrin bərpasının bariz nümunəsidir. Azərbaycan bu addımı birtərəfli qaydada ataraq 1990-cı illərin əvvəllərindən tətbiq edilən bütün tranzit məhdudiyyətlərini ləğv edib və bununla da qarşılıqlı etimadın gücləndirilməsinə töhfə verib. Dövlət başçısı çıxışında ötən ilin avqust ayında Ağ Evdə, Vaşinqtonda baş tutan mühüm görüşə də toxunub. Həmin görüş zamanı Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalandığı, həmçinin Donald Trumpın şahid qismində sənədə imza atdığı diqqətə çatdırılıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması sülhün hüquqi çərçivəsinin formalaşdığını göstərən mühüm addım kimi qiymətləndirilib. Əldə olunmuş razılaşmalar nəticəsində artıq tərəflər üçün sülh qurulub və bu, yalnız siyasi iradə deyil, praktiki əməkdaşlıqla möhkəmləndirilir. Azərbaycanın atdığı əlavə addımlar da bu yanaşmanın davamı kimi təqdim olunub. Belə ki, ölkəmiz ilk dəfə olaraq öz enerji resurslarını Ermənistan bazarına çıxararaq benzin və dizel yanacağının ixracına başlayıb. Bu addım regionda iqtisadi inteqrasiyanın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırkı dövrədək Azərbaycan Ermənistana 12 min ton neft məhsulu ixrac edib ki, bu da tərəflər arasında yeni formalaşan ticarət münasibətlərinin ilkin, lakin əhəmiyyətli mərhələsini təşkil edir. Bu proses gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq imkanları üçün zəmin yaradır və regionda uzunmüddətli sabitlik, qarşılıqlı asılılıq və davamlı inkişaf üçün mühüm platforma formalaşdırır. Ümumilikdə, səsləndirilən faktlar onu göstərir ki, Azərbaycan tərəfindən atılan bu addımlar təkcə iqtisadi fayda deyil, həm də sülhün möhkəmləndirilməsi, etimadın artırılması və regionda yeni əməkdaşlıq mühitinin yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.
Aynurə İsmayılova
Neftçala rayonu


