Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, AQSİA İdarə Heyətinin sədr müavini və eyni zamanda Qusar rayon üzrə nümayəndəsi Jalə Əmirbəyovanın təşəbbüsü ilə Qusar rayonunda “Şimalda Qadın Sahibkarlığına Yeni Nəfəs” adlı forum baş tutub.
Tədbir çərçivəsində qadın sahibkarlar Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sayir Məmmədxanov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Qusar rayon mikro sahibkar qadınlar tərəfindən hazırlanan əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Sayir Məmmədxanov sərgidə təqdim olunan əl işləri ilə tanış olaraq bildirib ki, yaxın zamanda sahibkar xanımlar üçün əl işlərini təqdim edib satacaqları xüsusi məkan ayrılacaq və həmin yer ilk 6 ay ərzində ödənişsiz təqdim olunacaq.
Forum rəsmi çıxışlarla yanaşı, iki panel müzakirəsini əhatə edib.
Birinci Panel: “Məhsuldan Brendə Gedən Yol”
“Qusar rayonunda qadın sahibkarlığının inkişaf yolları: Məhsuldan brendə gedən yol” adlı birinci panelin moderatoru Jalə Əmirbəyova olub. Paneldə qadınların sahibkarlıq sahəsində inkişafı, maarifləndirmə vasitələri və brendləşmə imkanları müzakirə olunub.
Panelin spikerləri sırasında “Vyana Şokolad Evi”nin təsisçisi Pərvanə İsgəndərova, “Health Voyage Travel” şirkətinin rəhbəri Nazilə Fərəcova, Qusar Qadın Resurs Mərkəzinin rəhbəri Kamilə Nəcəfova və PR Bürosunun rəhbəri İlqar Hüseynov yer alıb.
Çıxışlar zamanı gənc qadınların təşəbbüskarlığı, turizm və ailə biznesində qadınların rolu, fərdi dəstək mexanizmləri, yeni bizneslərin yaradılması və sosial medianın düzgün istifadəsi vurğulanıb. Panel interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.
İkinci Panel: “Kiçik və Orta Sahibkarlığa Dövlət Dəstək Mexanizmləri”
Panelin moderatoru AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva olub. O, dövlət dəstək mexanizmlərinin aktual və vacib olduğunu qeyd edib.
Paneldə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Rahil Babayev, Rabitəbankın Qusar filialının müdiri Asim Mikayılov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Rahil Qurbanov çıxış ediblər.
Spikerlər qadınlara fərdi yanaşma, avadanlıq dəstəyi, aqrar məhsulların ixrac potensialı, güzəştli sahibkarlıq kreditləri və dövlətlə sahibkarlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat veriblər.
Hər iki panel iştirakçıların aktiv sual-cavab sessiyası ilə tamamlanıb.
AQSİA-nın sədri Səkinə Babayeva forum zamanı çıxışında qeyd edib ki, Assosiasiya bölgələrdə qadınların iqtisadi fəallığını artırmaq məqsədilə mütəmadi layihələr həyata keçirməkdə davam edir. O, həmçinin belə tədbirlərin hər ay fərqli bölgələrdə keçiriləcəyini və növbəti tədbirin Şəmkir rayonunda baş tutacağını vurğulayıb.
Bundan əlavə, Qusar rayonuna olan işgüzar səfər çərçivəsində qadın sahibkarlar bölgənin görməli yerlərini ziyarət etmiş, əyləncəli və istirahət dolu zaman keçirərək, səfəri həm işgüzar, həm də mədəni baxımdan yadda qalan etmişlər.













