Ermənistan—Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış və bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.
Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovulub, qətlə yetrilib, yaralanıb, illərlə xəstə düşüb, ölənə qədər könül xəstəsi olublar. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalmışlar. Ermənistan ərazisində azərbaycanlılar 1988-ci ilə qədər kompakt şəkildə yaşamışlar. Bu yaşanan illər ərzində Ermənistan azərbaycanlılara muxtar status verməyib. Halbuki Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə muxtar status verilib. SSSR-nin zəifləməsindən istifadə edən erməni diasporu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün hərəkətə başladılar və əsassız yerə qondarma Dağlıq Qarabağ Respublikası elan edildi. Belə olan halda Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının münaqişənin dinc yolla həll etmək üçün yaradılmış ATƏT-in Minsk qurupunun fəaliyyətinə çox ümid bəsləyirdi. Lakin bütün bu ümidlər puça çıxdı. Əsassız ərazi iddaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Ələ keçirilən ərazilərdə fərq qoymadan bütün insanlar amansızlıqla qətlə yetrilirdi. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. Havadarlardan dəstək almış Ermənistanın başladığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Rusiyanın vasitəsilə atəşkəslə başa çatdı. Erməni işğalçıları Dağlıq Qarabağda və ona bitişik olan rayonlarda Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii sərvətləri belə amansızcasına talan edirdilər. 2016-cı ilin Aprelində Azərbaycan və erməni qoşunlarının təmas xəttində ən böyük hərbi qarşıdurma baş verdi. Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın mövqeləri erməni silahlı qüvvələri tərəfindən güclü atəşə məruz qaldı. Azərbaycan əsgərləri iki saat ərzində düşmənin mövqelərini yarıb keçərək Fizuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altında olan iki min hektardan çox ərazilərini düşməndən azad etdi.
2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişi vəziyyəti daha da gərginləşdirdi. Onun 2019-cu ilin Avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə“ deməklə hər şeyə ağır bir zərbə vurdu. Paşinyanın bu məsuliyyətsiz sözləri cavabsız qalmadı. Azərbaycanın Prezidenti İlham Əliyev bütün beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın Baş nazirinin məsulyətsiz sözlərinə “Qarabağ Azərbaycandır və nida işarəsi “ sözlərilə öz dolğun cavabını verdi. Beləliklə Ermənistanın Baş naziri təxribatçı davranışları ilə Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi. Ermənistanın Baş naziri Azərbaycanın ən iri şəhərlərinə zərbələr endirməklə hədələyirdi. O, bu çirkin niyyətini sentyabr ayının 27-də cəbhə zonasının sıx məskunlaşdığı yerdə və cəbhə xəttindən yüz kilometrlərlə aralı olan Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx məskunlaşdığı yerləri raketlərlə atəşə tutaraq mülkü insanlara olmazın zərər verdilər. Bütün bunlar Azərbaycan Respublikasının Prezidentini, Ali baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi. Azərbaycanın Prezidentinin fərmanı ilə 28- Sentyabr saat 00-00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Azərbaycan Ordusu düşmənin işğalı altında olan rayonlarımızı-kəndlərimizi qəhrəmancasına bir-bir azad edərək həmin ərazilərdə Azərbaycan bayraqlarını asırdılar. Azad edilən hər qarış torpaq Azərbaycanın igid əsgər və zabitlərinin canı və qanı bahasına azad edilirdi. Qəhrəman Ordumuz hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq, erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi Ermənistan ordusunun gücünü tamamilə sarsıtdı.
Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks hücum əməliyyatı nəticəsində noyabrın 9-nadək 5-şəhər, 4-qəsəbə, 286-kəndi işğaldan azad etdi. Bu uğur dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu bir hərb əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi.Noyabrın 9-dan—10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyənatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın Prezidenti Ali Baş Komandan İlham Əliyev qeyd edib: – —Bütün bu qazanılan şanlı qələbələrin əsasında Azərbaycan zabitinin qəhrəmanlığı, Azərbaycan əsgərinin vətənpərvərliyi dayanır. Şuşanın azad olunmasından danışan Ali Baş Komandan qeyd edib ki,bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.Çünkü bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra etmişlər. İkinci Qarabağ müharibəsində qazanılan qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir, Azərbaycan ovladlarıdır. Vətən torpaqlarının azad olunması xalqımızın igid övladlarının qanı-canı bahasına əldə olunub. Şəhidlərimizin bu qəhrəmanlığı dövlətimiz, xalqımız tərəfindən yüksək qiymətləndirilir.Hər ilin Sentyabr ayının 27-si Azərbaycanın Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Lakin Üç tərəfli bəyənata baxmayaraq ermənilər öz çirkin niyyətlərindən əl çəkməyərək sentyabr ayının 13-14-ü tarixlərində geniş miqyaslı təxribatları nəticəsində xeyli şəhid olmuşdur. Onların bu təxribatı bütün Azərbaycan xalqını hiddətləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-14-ü tarixləri arasında olan təxribatları ilə bağlı çıxışı zaman demişdir: Təəssüflər olsun ki, Ermənistan sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21- də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı və orada çıxış edərək demişdir:-Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir.Bizimlə heç kim iltimatum dili ilə danışa bilməz. Biz bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik.Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim zəfərimizin rəmzidir.
Bütün dünya azərbaycanlıları, xalqımız həmin günü şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Azərbaycan xalqı hər il Noyabr ayının 10-nu Qarabağ müharibəsində qazandığı şanlı qələbənin ildönümünü böyük coşqu ilə qeyd edir. Həmin gün Şəhidlərimizin əziz xatirəsi böyük xalq coşqusu ilə qeyd edilir və onlar xalq məhəbbətilə yad olunurlar!
Zahir HÜMBƏTOV
Şəmkir Regional Ədliyyə İdarəsinin Rəisi,
baş ədliyyə müşaviri


