Bu gün cəmiyyətdə pnevmoniyalar haqqında doğru bilinən yanlışlar barədə danışacam. Bu xəstəlik xalq arasında sətəlcəm adı ilə də bilinir. İnsanlar pnevmoniyanın yalnız xəstəxana şəraitində müalicə ola biləcəyinə inanırlar, bəzən buna təkid edirlər. Əslində bu belə deyil.
Əgər bir pasientdə pnevmoniya aşkarlanıbsa, öncə onun xəstəxanadan kənar və ya xəstəxanadaxili olduğunu aydınlaşdırırıq, çünki bu ikisi adətən fərqli antibiotik seçimi tələb edir. Daha sonra tipik və ya atipik gedişata nəzər yetiririk. Sonda isə xəstənin hansi şəraitdə müalicə olunması haqda qərara gəlirik. Bu Curb 65 qiymətləndirmə şkalasına əsasən təyin olunur. Həmin şkalaya əsasən xəstə 0-1 bal ilə qiymətləndirilirsə, o zaman ambulator, yəni ev şəraitində, 2 bal ilə qiymətləndirilirsə, stasionar və adi palata rejimində, 3 və daha yüksək bal ilə qiymətləndirildikdə isə artıq reanimasion şəraitdə müalicə ilə bağlı qərar alınır. Əlbəttə ki, xəstənin yanaşı xəstəlikləri, komorbid dediyimiz vəziyyətlər – yəni şəkərli diabet, ürək xəstəlikləri, immunsupressiv vəziyyətlər, orqan transplantasiyası olanlar, aktiv onkoloji müalicə almaqda olan pasientlərdə antibiotik seçimi və müalicə taktikası bu saydıqlarım olmayanlardan fərqlənə bilər.


