Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında geniş spektrli əməkdaşlıq imkanlarının inkişafına xidmət edir
Azərbaycan və Pakistan arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr çərçivəsində deyil, dərin qardaşlıq və dostluq prinsiplərinə əsaslanır. Tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkə arasındakı münasibətləri möhkəmləndirən əsas amillərdəndir.
Pakistan Azərbaycanın beynəlxalq müstəvidə ən sadiq tərəfdaşlarından biri kimi çıxış edir və hər iki ölkə strateji müttəfiqlik münasibətləri qurub. Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olması qardaşlıq münasibətlərinin tarixi köklərinin dərinliyini göstərir. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini açıq şəkildə pisləyən ilk ölkələrdən biridir.
Bu ölkə Ermənistanı dövlət kimi tanımayaraq onunla heç bir diplomatik əlaqə qurmayıb. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Pakistan İslam Respublikası Azərbaycana siyasi və mənəvi dəstək vermiş, ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmişdir. Pakistanın tekstil, dərman və kənd təsərrüfatı sahəsində inkişafı, Azərbaycanın isə enerji və nəqliyyat sahələrində güclü mövqeyi qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. Cənub-Şərqi Asiya, Orta Asiya və Yaxın Şərq bazarlarına çıxış imkanları hər iki ölkənin strateji əhəmiyyətini artırır. Əminliklə deyə bilərik ki, Pakistan Azərbaycanın ən yaxın və sadiq dostlarından biridir. İki ölkə arasında siyasi, iqtisadi, hərbi və beynəlxalq əməkdaşlığa qədər hər sahədə münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə Azərbaycana rəsmi səfəri münasibətlərin daha da gücləndirilməsinə və geniş spektrli əməkdaşlıq imkanlarının inkişafına xidmət edir.
Səfər çərçivəsində imzalanan müqavilələr və keçirilən görüşlər iki ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da güclənməsinə xidmət edir. Bu gün Pakistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdir. Səfər çərçivəsində ticarət dövriyyəsinin artırılması, yeni investisiya imkanlarının yaradılması və sənaye sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunmuş və mühüm dövlətlərarası sənədlər imzalanmışdır. Qeyd etmək istərdim ki, Pakistanın müdafiə sənayesində inkişafı Azərbaycanın hərbi gücünün artırılmasına dəstək ola bilər. Nəticə etibarilə bu səfər Azərbaycan və Pakistan əməkdaşlığını yeni mərhələyə daşıyacaq və regional sabitliyə töhfə verəcəkdir.
Əlniyaz İbrahimov;
Neftçala rayonu


