Azərbaycan Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə istehsalın artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və fermerlərin fəaliyyətinin dəstəklənməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, Prezident cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, mövcud potensialdan daha səmərəli istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Aqrar sektorun inkişafı, fermerlərin fəaliyyətinin stimullaşdırılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, cari ildə Neftçala rayonunda 6735 hektar sahədə pambıq əkini aparılıb və aqrotexniki qulluq işləri həyata keçirilib.
Əkin sahələrində müvafiq aqrotexniki tədbirlər görülüb, mineral gübrələrdən istifadə olunub, suvarma işlərinin vaxtında və səmərəli təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilib. Pambıqçılıq sahəsində görülən işlər nəticəsində bol məhsul yetişdirilib və yüzlərlə rayon sakininin mövsümi məşğulluğu təmin olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul əməkdaşları, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, “PrimeCotton” MMC-nin nümayəndələri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirilib.
Pambıq sahəsində fermerlərlə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov fermerlərin qarşılaşdıqları çətinliklər və onların təklifləri ilə maraqlanıb. Qaldırılan məsələlər müzakirə olunub, aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Görüşdə pambıq yığımının mütəşəkkil təşkili, prosesə nəzarətin gücləndirilməsi, gündəlik iş qrafiklərinin hazırlanması, suvarma suyundan səmərəli istifadə və fermerlər arasında ədalətli yanaşmanın təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılıqda məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq məhsuldarlığın hər hektar üzrə 50 sentnerə çatdırılması hədəfinin fermerlərlə müzakirə olunduğunu qeyd edib. Həmçinin defoliasiya işləri başa çatdıqdan sonra pambıqyığan kombaynların sahələrə çıxışının və kütləvi yığımın başlanmasının vaxtında təmin edilməsi, yığım prosesinin operativ və itkisiz təşkili məqsədilə bütün zəruri texnika və mexanizmlərin hazır vəziyyətə gətirilməsi ilə bağlı tapşırıqlar verib.
Qeyd olunub ki, pambıqçılıq sahəsində məhsuldarlığın yüksəldilməsi, texnikadan səmərəli istifadə və suvarma işlərinin düzgün təşkili aqrar istehsalın səmərəliliyinin artırılmasına, fermerlərin gəlirlərinin yüksəldilməsinə və kənd yerlərində məşğulluğun davamlılığının təmin olunmasına xidmət edir. Bu istiqamətlər kənd təsərrüfatının inkişafına dair dövlət siyasətinin əsas məqsədlərindən biridir.
Fermerlər kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıya, onların fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Hazırda Neftçala rayonunda pambıq yığımına 34 pambıqyığan kombayn və 400 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub. İndiyədək rayon üzrə 8133 ton pambıq yığılıb.
Rayonda pambıq yığımının vaxtında, mütəşəkkil və itkisiz başa çatdırılması, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.



