44 günlük müharibə 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşıran son damla idi. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Müharibə günlərində bəşəriyyətə qarşı cinayətlər törədən, Azərbaycanın dinc şəhər və kəndlərini raket bombardmanlarına məruz qoyan Ermənistana qarşı tək bir qınaq belə səslənməmişdir. Söhbət yalnız döyüş zonasına yaxın yox, həm də ondan xeyli uzaq məsafələrdə yerləşən yaşayış məntəqələrindən gedir. Ermənistan məqsədli şəkildə və qəsdən Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Ağcabədi kimi müharibə arealından uzaq olan Azərbaycan şəhərlərinin dinc əhalisinə və mülki infrastrukturuna zərbələr endirmişdir. Bu Birinci Qarabağ müharibəsi dövründə erməni tərəfinin törətdiyi müharibə cinayətlərinə bənzər bir qorxutma və terror taktikası idi. Sadəcə bu dəfə Azərbaycanın mülki əhalisinin qətliamı üçün beynəlxalq konvensiyalarla qadağan edilmiş böyük dağıdıcı gücə malik müasir silah növlərindən və raketlərdən istifadə edildi.
Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər. Həmin günlərdə bütün Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirmiş, Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşərək vahid ideya – doğma torpaqların işğaldan azad olunması ideyası ətrafında birləşmişdi. Həmrəyliyin bu sarsılmaz gücü əsgər və zabitlərimizi ruhlandırır, düşməndə isə sözlə ifadə edilməyəcək dəhşətə səbəb olurdu.
Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, Şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu!
Vəfa İbrahimova
Göygöl RİHB Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsul katibi


