Bəzən insan anlayır ki, əsl ömür yaşadığı illərlə deyil, cəmiyyətə bəxş etdiyi dəyərlərlə ölçülür.
Atam, tanınmış jurnalist Mirzə Əsgərovun anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Mətbuat Şurasında keçirilən “Həqiqətin keşiyində bir ömür” adlı yubiley tədbiri və onun həyat və fəaliyyətinə həsr olunmuş sanballı məqalə ailəmiz üçün sözlə ifadə olunmayacaq qədər böyük mənəvi dəyər daşıyır.
Bu yazı yalnız bir ömür yolunun xronikası deyil. Bu, həqiqətə sədaqətin, peşəkarlığın, dövlətçilik mövqeyinin və jurnalist məsuliyyətinin yüksək qiymətləndirilməsidir.
Atamın həyatı ilə bağlı ən böyük mənəvi qürur mənbələrimizdən biri də Ulu Öndər Heydər Əliyevin onun haqqında söylədiyi yüksək dəyərli fikirlərdir. Həmin qiymət bizim ailəmiz üçün illər keçsə də dəyişməyən mənəvi irs, sonsuz qürur və böyük məsuliyyətdir.
Eyni zamanda, Azərbaycan dövlətinin peşəkar jurnalist əməyinə verdiyi dəyəri ailəmiz hər zaman hiss edib. Xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlər üçün inşa edilmiş ilk yaşayış binasında mənzilin açarını ailəmizə şəxsən təqdim etməsi bizim üçün unudulmaz həyat hadisələrindən biridir. Maraqlıdır ki, həmin tədbirə dəvət olunarkən bununla bağlı əvvəlcədən heç bir məlumatımız yox idi. Yalnız tədbirdən bir gün əvvəl bizə zəng edilərək iştirakımız xahiş olundu və ertəsi gün bu böyük diqqət və qayğı ilə qarşılaşdıq. Bu hadisə ailəmizin yaddaşında dövlətin peşəkar jurnalist əməyinə və Mirzə Əsgərovun xidmətlərinə verilən yüksək dəyərin səmimi təzahürü kimi əbədi yaşayacaq.
Bu gün, atamın 70 illiyi münasibətilə onun xatirəsinin belə ehtiramla yad edilməsi bir daha göstərir ki, həqiqətə və Vətənə xidmət edən insanların əməyi zaman keçdikcə unudulmur.
Bu münasibətlə Azərbaycan Mətbuat Şurasına, Mətbuat Şurasının sədri Rəşad Məcidə və “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlıya dərin təşəkkürümü bildirirəm. Mirzə Əsgərovun həyat və fəaliyyətinə belə yüksək peşəkarlıqla qiymət verdiyiniz, onun irsini gələcək nəsillərə çatdırdığınız və ailəmizə yaşatdığınız bu mənəvi qürura görə hər birinizə minnətdaram.
İnsan üçün ən böyük mükafat illər keçdikdən sonra da ehtiramla xatırlanmaqdır. Atamın əziz xatirəsinə göstərilən bu diqqət və hörmət ailəmiz üçün ömür boyu qürur mənbəyi olacaq.
Ruhun şad olsun, əziz atam. Sənin bizə miras qoyduğun ən böyük sərvət adın, əqidən və şərəflə yaşanmış ömründür.
Araz Əsgərli


