Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, avqustun 26-dan başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sentyabrın 2-dək davam edəcək:
“Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər”.
Qeyd olunub ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.


