“Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsi çərçivəsində iştirakçıların məşhur peşəkarlarla görüşlərinə start verilir.
Bu şənbə günü layihə iştirakçıları əməkdar incəsənət xadimi, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən tanınmış rəssam-modelyer, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyyə Xələfova və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə ilə görüş imkanı əldə edəcəklər.
Görüş zamanı aparıcı peşə mərkəzlərinin tələbələri qonaqlardan öz peşə bacarıqlarını geniş auditoriyaya necə təqdim etmək, şəxsi brendi formalaşdırmaq və digər vacib peşəkar bacarıqlar barədə faydalı məlumatlar əldə edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin icrasına Peşə Təhsili üzrə Dövlət Agentliyi dəstək göstərir.
Layihədə 3 aparıcı Peşə Mərkəzi – Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin seçilmiş tələbələri iştirak edir.


