Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
BAKU.NEWS nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, rayonunun Xırdapay kəndində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobilin sürücüsünün (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Saat 01:50
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “90 ED 530” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sürücü idarəetməni itirib.
Avtomobil yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra qəflətən yanıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.











