Rəsmi Kiyev Ukrayna sərhədi boyunca qoşunların hərəkəti ilə bağlı vəziyyəti müzakirə etmək üçün 48 saat ərzində Rusiya Federasiyası və Vyana Sənədi ölkələri ilə görüş tələb edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
XİN başçısı tviterdə yazıb: “Rusiya Vyana Sənədi çərçivəsində bizim sorğumuza cavab verməyib. Ona görə də biz növbəti addımı atırıq. 48 saat ərzində Rusiya və bütün iştirakçı dövlətlərlə görüş keçirməyi xahiş edirik”.
Qeyd edək ki, fevralın 11-də Kiyev 48 saat ərzində Ukrayna sərhədləri boyunca, o cümlədən Krımda hərbi fəaliyyətlərlə bağlı ətraflı izahatların verilməsi xahişi ilə Rusiya Federasiyasına müraciət edib. Daha sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri xəbərdarlıq edib ki, Ukrayna cavab verilməsə, belə dəqiqləşdirmələr almaq üçün fövqəladə iclasın çağırılması ilə bağlı Rusiya Federasiyasına və Vyana sənədinin iştirakçıları olan digər dövlətlərə müraciət edəcək.
Xatırladaq ki, Vyana Sənədi 2011-ci ilə aiddir və ATƏT çərçivəsində qəbul edilib. O, ölkələr arasında təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi üzrə tədbirləri nəzərdə tutur. Onun mətnində ATƏT-in iştirakçısı olan ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyət üçün xüsusi prosedurlar açıqlanır.


