Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən mənfur qonşularımız olan ermənilərin aktiv şəkildə ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və bu iddialara qarşı o zamankı ölkə rəhbərliyi tərəfindən heç bir ciddi addımın atılmaması uzun illər yaşamağa məcbur olduğumuz ağrılı işğalla üzləşməyimizlə nəticələndi. Otuz ilə yaxın müddətdə işğaldan əziyyət çəkən rayonlarımızdan biri də Kəlbəcər idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi.
İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi ölkəmizin demək olar ki, əksər bölgələrində məcburi köçkün kimi məskunlaşmağa məcbur oldu. Mənası qədim türk dilində “çay üstündə qala” olan Kəlbəcər Azərbaycanın ən qədim insan yaşayan məskənlərindən biridir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər inzibati rayon kimi 1930-cu ildə yaradılıb və ərazisi 3054 kv. km.dir. İşğala qədər rayonda 53 478 nəfər əhali yaşayıb. Mənfur ermənilər İşğal zamanı və ondan sonrakı dövrlərdə rayonun tarixi-mədəni abidələrini, yüzlərlə infrastruktur obyektlərini talan edərək dağıtmış, rayona milyardlarla manatla ölçülən ziyan vurmuşlar. Bu azmış kimi düşmən Azərbaycanın 30 ilə yaxın müddət ərzində sərvətlərini qanunsuz olar istismar etmiş, beynəlxalq səviyyədə cinayət törətmişlər.
Qeyd edək ki, ermənilər hələ Kəlbəcəri işğal edənə qədər burada Başlıbel və Ağdaban faciələrini törətmişdilər. Rəsmi İrəvan işğal dövründə bir qədər də irəliyə gedərək BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirmişdilər. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə əsasən işğalçı qüvvələrin, yəni erməni silahlı birləşmələrinin Kəlbəcər eləcə də Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin Ermənistan BMT tərəfindən qəbul edilmiş həmin Qətnaməni nəinki icra etmədi, əksinə daha böyük iddia və xülyalarla yaşamağa davam etdi. Bu iddialar düz 27 sentyabr 2020-ci ilə qədər davam etdi. Məhz ermənilərin bitib-tükənməyən təxribatlarına cavab olaraq başladımış və tarixə Vətən Müharibəsi kimi daxil olmuş Qəhrəmanlıq Salnaməsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Düşmən düşünmədiyi, gözləmədiyi, təsəvvür belə etmədiyi şəkildə döyüş meydanında məhv edildi.
Onlar Şanlı Ordumuzun qarşısında cəmi 44 gün davam gətirə bildilər. Daha böyük itgilərdən qaçınmaq üçün faktiki kapitulyasiya aktına imza atmağa məcbur olan rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana təhvil verməyə razı edildi. Kəlbəcər noyabr ayının 25-də tam şəkildə düşmən tapdağında təmizləndi. Həmin gün Kəlbəcərin işğaldan azad edilməsi günü kimi tarixləşdi. 2021-ci il avqust ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Kəlbəcərdə Azərbaycanın Dövlət bayrağını ucaldan Ölkə başçısı xalqımızı, kəlbəcərliləri bir daha təbik etdi. Bu gün Kəlbəcərdə həyata keçirilən işlər, reallaşdırılan layihələrin miqyası ölçüyəgəlməzdir.
Böyük turizm potensialı olan Kəlbəcər ən qısa zamanda öz şöhrətini bərpa edəcəkdir. Cənab Prezidentin müvafiq Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu rayona, ümumilikdə işağldan azad edilmiş bütün şəhər və rayonlarımıza verilən dəyər, qiymət və hörmətin bariz göstəricisidir. Artıq üçüncü ildir ki, kəlbəcərlilər və bütün Azərbaycan bu günü böyük coşqu və qürur hissi ilə qeyd edir.
Nəcibə Abdullayeva;
Neftçala rayonu


