Hazırda isə hər iki dövlətin uğurlu siyasəti nəticəsində İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir neçə gün öncə “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda çıxışında qeyd etdiyi kimi: “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır.
“Cənub qaz dəhlizi”nin axırıncı məntəqəsi də məhz İtaliyadır. Dəhliz Azərbaycandan başlayaraq Gürcüstanın, Türkiyənin, Yunanıstanın, Albaniyanın ərazisindən və Adriatik dənizinin altından 3500 kilometr yol keçərək İtaliya torpağına çatır və orada bu ölkənin “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) ölkələrimiz arasında enerji əməkdaşlığını möhkəmləndirən vacib amildir.
Bu kəmər 2020-ci il dekabrın 31-dən qaz nəql edir və İtaliyanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”. Qeyd edək ki, hər iki dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi təmaslar Azərbaycanla İtaliyanın yaxın siyasi tərəfdaş olduğundan xəbər verir. Belə ki, 2014-cü ildə cənab Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında tərəfdaşlıq haqqında imzalanan birgə bəyannaməni qeyd etmək olar. Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunan bu bəyannamə imzalandıqdan sonra İtaliya ilə Azərbaycan arasında olan münasibətlərin sürətli inkişafına şərait yaradıb. İtaliya hər zaman Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qeyd edək ki, 2010-cu ildə isə İtaliya senatı və İtaliyanın deputatlar palatasının xarici əlaqələr komitəsi tərəfindən Cənubi Qafqazdakı vəziyyətlə bağlı qətnamə qəbul edilib. Göründüyü kimi İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır və bu tərəfdaşlıq ildən-ilə artır, şaxələnir. Belə ki, iki ölkə arasındakı əməkdaşlıq təkcə enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də inkişafa doğru irəliləyir. Azərbaycan Prezidentinin Forumdakı çıxışı aşağıdakı önəmli mesajlarla yadda qaldı: “Bu gün enerji təchizatı aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır”. Bəli, Ölkə başçımız cənab İlham Əliyev çıxışında enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçası olduğunu vurğulamaqla Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini bildirib.
Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu baxımdan da Qərb tərəfindən Azərbaycana ümumavropa qaz təchizatçısı yanaşılır, etibarlı tərəfdaş olaraq münasibət göstərilir. Azərbaycan-İtaliya ikitərəfli əlaqələri əlbəttə ki, təkcə enerji və ticarətlə məhdudlaşmır. Belə ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan-İtaliya Universiteti fəaliyyətə başlayır. ADA Universiteti ilə İtaliyanın beş aparıcı universiteti-Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri arasında yaradılan bu layihə xalqların yaxınlaşmasına, iki ölkə arasında mədəni, elmi və digər sahələrdə əməkdaşlığın pöhrələnməsinə gətirib çıxaracaq, Azərbaycan və İtaliyanın qeyri-neft sektorunda fəaliyyət sahələrinə önəmli faydalar bəxş edəcəkdir.
Nəsib Abbasov;
Neftçala rayonu


