Səyyah bloger İradə Qədirova Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “Səyahət” fotoqrafiya nominasiyası üzrə uğurlarına görə, İLİN FOTOQRAFI mükafatına layiq görülüb.
Qeyd edək ki, YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Fotoqrafları Birliyinin (AFB) 25 illik yubileyi qeyd olunub. Tədbirdə fotoqrafiya sənətinə verdiyi töhfələrə görə tanınmış fotoqraflara mükafatlar verilib.
Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir. Artıq 25 yaşını qeyd edən birliyin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər.


