ICESCO-nun Bakı Regional Ofisi Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində ikinci dəfə iştirak edir. Bu il sərgidə iştirak formatımız əvvəlki ildən fərqlənir. Belə ki, əsas diqqəti kitab təqdimatlarına deyil, beynəlxalq ekspertlərin iştirakı ilə müxtəlif aktual mövzuların müzakirəsinə yönəltmişik. Bu məqsədlə sərgi çərçivəsində beş tematik sessiyanın təşkili nəzərdə tutulub.
Bunu ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə bildirib.
Onun sözlərinə görə, sessiyalar “Şuşa və ərəb dünyası: kitablardan mədəni mübadiləyə”, “Kitablardan süni intellektə: dil və bilik sahəsində transformasiyalar”, “Xəttatlıq və əlyazmalar: yazı sənətinin gözəlliyi və kitabın yaddaşı”, “Kitab mütaliəsinin gələcəyi: mədəniyyət, cəmiyyət və yeni nəsillər” və “Yeni oxu tərzinin yeni dilemması” mövzularını əhatə edir.
M.Qafarzadə qeyd edib ki, müzakirələrə müxtəlif ölkələrdən beynəlxalq ekspertlər və mütəxəssislər dəvət olunub. “İnanırıq ki, bu təşəbbüslər kitab və mütaliə mədəniyyətinin təşviqinə, elmi və mədəni bilik mübadiləsinin genişləndirilməsinə, həmçinin Azərbaycanla region ölkələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək”, – deyə direktor müavini vurğulayıb.
Beynəlxalq kitab sərgilərinin əhəmiyyətindən danışan M.Qafarzadə bildirib ki, bu cür tədbirlər yalnız yeni nəşrlərin təqdim olunduğu məkan deyil, həm də ədəbiyyatın, elmin və mədəniyyətin təbliğinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm platformadır. Onun fikrincə, kitab mübadiləsi ədəbi əsərlərlə yanaşı, biliklərin, ideyaların və mədəni dəyərlərin paylaşılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan şair və yazıçılarının əsərlərinin beynəlxalq kitab sərgilərində təqdim edilməsi, müxtəlif dillərə tərcümə olunması və xarici oxuculara çatdırılması milli ədəbiyyatımızın dünyada tanıdılması baxımından mühüm rol oynayır. Belə təşəbbüslər Azərbaycanın zəngin ədəbi və mədəni irsinin daha geniş auditoriyaya təqdim olunmasına imkan yaradır. Eyni zamanda, kitab sərgiləri müxtəlif ölkələrin nəşriyyatları, yazıçıları, tərcüməçiləri və mədəniyyət nümayəndələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə əlverişli şərait yaradır”, – deyə o əlavə edib.
Direktor müavini ICESCO-nun Azərbaycanla əməkdaşlığının digər mühüm istiqamətlərinə də toxunub. Bildirib ki, təşkilat uzun illərdir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri kimi çıxış edir. Oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu tərəfdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, Forum çərçivəsində mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafına, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və sülh mədəniyyətinin təşviqinə yönəlmiş bir sıra tədbirlər planlaşdırılır. Bunların sırasında “Sivilizasiyalararası diplomatiya” mövzusunda beynəlxalq konfrans xüsusi yer tutur.
“Forum çərçivəsində, həmçinin gənclərin sülhün təşviqində və mədəniyyətlərarası dialoqun inkişafında rolunun artırılmasına yönəlmiş “Gənc Sülh Səfirləri” layihəsinin və ICESCO-nun “Sülh Kitabı” təşəbbüsünün təqdimatı nəzərdə tutulur. İnanırıq ki, bu layihələr müxtəlif mədəniyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, gənclərin sülh quruculuğu prosesində fəal iştirakına və dialoq ənənələrinin inkişafına töhfə verəcək”, – deyə direktor müavini fikirlərini yekunlaşdırıb. (Azərtac)
TREND
- “Həzi Aslanov” metrostansiyası ilə bağlı YENİ XƏBƏR VAR!
- “SOCGOV 2026” – Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
- ICESCO Bakı Kitab Sərgisində yeni formatla çıxış edir
- MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimi dekabrın 3-də açıqlanacaq
- Milli Qəhrəman komaya düşüb – Vəziyyəti ağırdır
- Vəzifəli şəxs həbs edildi – Yarım milyonluq yeyinti
- Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
- “Azea Group” MMC-nin rəhbəri ev dustaqlığına buraxıldı
Digər xəbərlər
2026 © BAKU NEWS. Məlumat və ya materiallardan istifadə etdikdə müvafiq keçidin qoyulması ilə BAKU.NEWS-a istinad etmək mütləqdir.


