Oruc tutarkən pilates, yoqa, gəzinti kimi aşağı intensivlikli aerobik məşqlər edilə bilər. Qaraciyərdə və əzələlərdə yığılan şəkər azaldığı zaman tərlə itirilən su miqdarı artdığı üçün yüksək intensivlikli məşqlərə üstünlük verilməməlidir.
BAKU.NEWS xəbər verir ki, bunu terapevt-hepatoloq Tofiq Əkbərov deyib.
O bildirib ki, suyun bədən istiliyini tarazlaşdırmaq, həzm və udma zamanı qidaları hüceyrələrə daşımaq, toksinləri bədəndən xaric etmək kimi bir çox funksiyası var. “Oruc tutarkən orqanizmdə mayenin miqdarının 20 faiz azalması həyati risk yara bilər. Bu səbəbdən su sahur və iftarda əvəzolunmazdır. Gündə 2-2,5 litr su içməyə diqqət yetirmək lazımdır. Orucluq zamanı təxminən 15 saat su istehlakı olmadığı üçün gündəlik su ehtiyacı iftar və sahur zamanı tam qarşılanmalıdır. Orqanizmin gündəlik maye ehtiyacı 2,5 ilə 3 litr arasında dəyişir. Həmin miqdarın üçdə birini sahurda istehlak etmək düzgün olar”, – deyə hepatoloq qeyd edib.
Sevinc Kərimova


