Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində Astara və Lənkəran bölgəsindən gətirilən Leylandra ağaclarının tinqlərinin qablardan torpağa əkilməsi işləri davam etdirilir. Cənub bölgəsindən şəhərimizə gətiriən min ədədə yaxın bu tinqlərin yarısından çoxu Gəncənin küçə və prospektlərinin yaşıllıq zolaqlarına, eləcə də parklarına əkiləcək.
Bundan əlavə MKTİB-in Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində beçərilən və hazırda əkinə hazır olan 4 min ədəd çinar, boyu 1,5 metrdən çox olan 5 min ədəd Eldar şamı, min ədəd palıd və 2 min ədəd sərv ağacı da var ki, onların da sözügedən ərazilərə əkilməsi planlaşdırılır.
Qeyd edək ki, ümumilikdə Gəncə şəhərində 14 park və istirahət güşəsi var. Bu məkanların yaşıllıqlarla təmin edilməsi məqsədilə MKTİB-nin Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir.


