Gecələr güclənən və ağrıkəsicilərlə keçməyən sümük ağrıları uzun müddət davam edirsə, bu, sümük şişinin əlaməti ola bilər.
BAKU.NEWS-un “Haber Global”a istinadən xəbərinə görə, bu barədə türkiyəli həkim, ortopediya və travmatologiya üzrə mütəxəssis Ömer Yonga danışıb və mühüm açıqlamalar verib.
Onun sözlərinə görə, sümük şişləri, tez-tez rast gəlinməməsinə baxmayaraq, uşaqlıq, yetkinlik, gənclik və qocalıq da daxil olmaqla, bütün yaşlarda müxtəlif formalarda özünü göstərə bilər. Ən vacib məqamlardan birinin erkən diaqnoz olduğunu xatırladan mütəxəssis qeyd edib ki, xəstəliyin gizli şəkildə irəliləməsi və simptomların müxtəlif problemlərlə oxşarlığı səbəbindən diaqnoz bəzən gec qoyula bilir. Ona görə də, sümük şişlərinin səbəbləri və simptomları haqqında məlumatlı olmaq əhəmiyyət kəsb edir.
Ömer Yonga sümük və yumşaq toxuma şişlərinin görülmə nisbətinin yaşa görə dəyişdiyini deyib.
“Sümük şişləri sümük toxumasında meydana gələn anormal hüceyrə böyümələridir. Bu şişlər hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranır, xoşxassəli və ya bədxassəli ola bilir. Bu şişlərin müalicəsi ortopediyanın qolu olan ortopedik onkologiya tərəfindən həyata keçirilir. Ümumiyyətlə, sümük şişləri dörd əsas başlıq altında araşdırılır: xoşxassəli, bədxassəli, metastatik şişlər və şişə bənzər lezyonlar. Xoşxassəli sümük şişləri daha çox uşaqlıq dövründə müşahidə olunduğu halda, bədxassəli sümük şişlərinə, xüsusilə metastatik olanlara 40 yaşdan sonra tez-tez rast gəlinir”, – deyə o qeyd edib.
Həkimin sözlərinə görə, sümük şişi ilə müraciət edən xəstələrdə ən çox görülən simptomlar ağrı, şişlik və patoloji qırıqlar şəklində olur və ağrı şişin növünə görə fərqli ola bilir.


