Gəlin sizə ikisi ərəb, biri pakistanlı olmaqla 3 yaxşı müsəlmandan danışım.
Çoxları bilir ki, Ərbəin günlərində Hz. İmam Əlinin (ə.s.) də məzarının olduğu Nəcəf şəhərindən Hz. İmam Hüseyn (ə.s.) və Hz. Əbəlfəzl Abbasın (ə.s.) qətl edildiyi Kərbəlayadək milyonlarla insanın iştirak etdiyi və əksəriyyətinin “Eşq səfəri”, “Eşq karvanı” adlandırdığı yürüş zəvvarlar üçün fiziki baxımdan ağır ziyarətlərdən biri hesab edilir. Daha əvvəlki paylaşımlarımda da qeyd etdiyim kimi, təxminən 83 km-lik yolu temperaturun kölgədə təxminən 48-50, günəş şüalarının birbaşa altında isə 60 dərəcəyədək olduğu bir şəraitdə günlərlə piyada, özü də kürəyində çanta, əlində yük və araba ilə yol getmək heç də asan deyil. Xüsusən, yerli olmayan, həmin iqlim şəraitinə öyrəşməyən insanlar üçün daha çətindir. Məhz bu səbəbdən həm yerli ərəblər, həm də dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə insan bütün zəvvarları evlərində qonaq etməyə çalışır, yol boyu onlara su, şərbət və yeməkləri, eləcə də sərinlənmək, dincəlmək, yuyunmaq, yatmaq üçün yerləri Allah yolunda imam ehsanı edirlər. Maddi heç nəyi olmayanlar isə əllərində kartonla, kağız parçaşı ilə yelpik vurmaqla, bəziləri isə sadəcə bədəni, gövdəsi ilə zəvvarlara kölgə olmaqla bu savab dəryasında pay sahibi olmağa çalışırlar.
Birinci hal
Deməli, yürüşün ilk günü xeyli məsafə qət etdikdən sonra mən də, yol yoldaşım, həmkarım, gözəl insan Kenan Rovshanoglu da yaman yorulmuşduq. Dincəlmək üçün bir neçə məntəqədə dayansaq da, açığı gah insan sıxlığından, gah da şəraitin qənaətbəxş olmamasından yolumuza davam etdik. Bu dəm qara geyimli bir ərəbin uzaqdan məni görərək izdihamın içi ilə düz qarşıma irəlilədiyini gördüm. Öncə əl sıxışıb görüşdü, qucaqladı, daha sonra yalvarmağa başladı ki, onunla evinə qonaq gedim. Yəqin ya çantamın üstündəki Azərbaycan bayrağından, ya geyimimdən və ya üz quruluşumdan əcnəbi olduğumu anlayıb yaxınlaşmışdı. Ona bir az ingilis, bir az Azərbaycan dilində, bir qədər də jestikulyasiyalarla tək deyil, iki nəfər olduğumuzu başa saldım. O da dedi ki, lap əla. Açığı çox tərəddüd etmədən razılıq verdik. Qısası, bizimlə bərabər daha 4 nəfər əcnəbini də götürüb avtomobilinə mindirdi. Təxminən 10 km yol gedəndən sonra evinə gətirdi. Yol boyu hərbçilərin, ağsaqqalların, uşaqların onunla salamlaşmasından anladım ki, bizi qonaq edən kimdirsə, çox hörmətli adamdır. Daha sonra söhbət əsnasında bu şəxsin Qeys ibn Sadiq və ya sadəcə Əbu Rza olduğunu öyrəndik. (şəkil 1) Azərbaycanlı və qələm əhli olduğumuzu bildikdə bizə daha çox maraq göstərməyə başladı. Ölkəmiz, Qarabağ, burdakı müsbət dəyişikliklər, müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin necə dinc və mehriban şəkildə yanaşı yaşadıqları barədə məlumatları eşitdikdən sonra həm çox təəccübləndi, həm də sevindi.
Özü şəxsən bizə qulluq edirdi. Hətta üstümüzdəki tərli paltarlarımızı da israrla çıxartdırıb, etirazımıza baxmayaraq, şəxsən yudu. Yuyundurub, yedizdirib, içizdirib, sərinləndirdikdən sonra yenə avtomobili ilə bizi götürdüyü yerə gətirdi. Vidalaşanda isə dönə-dönə dedi ki, bir daha İraqa gələsi olsaq, mütləq yenə də qonağı olaq, qapısı hər zaman üzümüzə açıqdır. Biz də ona Azərbaycana gələrsə, məmnuniyyətlə qulluğunda durmağa hazır olduğumuzu bildirdik. Qucaqlaşıb ayrıldıqdan sonra doluxsundu, yolda gözdən itənədək arxamızda baxdı…
İkinci hal
Yürüşün bitməsinə sayılı saatlar qalırdı. Çox yorulmuşduq. Son dəfə dincəlmək üçün yol kənarındakı çadırlardan birinə keçdik. Oturub altı suluqlamış ayaqlarımızı yodlamağa, ovuşdurmağa, sarımağa başladıq. Bu vaxt bizdən 4-5 döşək kənarda yatmış bir gənc yuxudan ayıldı, çantasını götürüb çıxışa doğru irəlilədi. Qəfildən ayaq saxlayıb əlini ayağıma doğru uzadaraq mənə ərəbcə “muşkul?”, yəni “ayağında problem var?” dedi. Cavabında ciddi bir şeyin olmadığını dedim və diqqəti üçün təşəkkür etdim. Amma gənc yaxınlaşıb qəfildən ayaqlarımdan yapışdı, onun mənə kömək etməsinə icazə verməyim üçün yalvarmağa başladı. Nə qədər etiraz etdimsə, əl çəkmədi. Nəhayət, adamın Allah naminə, imam yolunda savab qazanmaq şansını əldən buraxmamaq istədiyini anlayışla qarşılayaraq, fikrimdən daşındım. Məlum oldu ki, Abbas Qeysər adlı bu gənc əslən pakistanlıdır, amma iki ildir ki, İraqda yaşayır, işləyir. (şəkil 2)
Abbas təkcə ağrıyan deyil, o biri ayağımı və hətta kürəyimi də masaj etdi. Özü də demək olar ki, peşəkarcasına. Ayrılanda gördüm ki, öz ayağı da sarğılıdır. Açdırdım. Cadar-cadar olmuşdu. Mən də ona yaralarını sarımaq üçün dərman, məlhəm verdim. Amma o, çox az hissəsindən istifadə edərək, ayağa qalxdı, sağollaşıb yoluna düzəldi…
Üçüncü hal
Kərbəla şəhərində bir evdə, ikimərtəbəli bir villada məskunlaşdıq. Villada bizdən savayı bəlkə də 400-500 adam da vardı. Evin sahibi seyid Abbas ibn Xərmuş və ya sadəcə Əbu Muhəmməd adlı bir şəxs idi. (şəkil 3) Məlum oldu ki, bu Abu Muhəmməd artıq neçə ildir ki, qapılarını İmam Hüseyn (ə.s) zəvvarlarının üzünə açır. Müxtəlif ölkələrdən olan və ilbəil sayı artan zəvvar qonaqlarından isə burda qaldıqları müddətdə bir dinar da pul almır, onlara tam təmənnasız xidmət edir. Əksinə, hələ gün ərzində ehsan edilən səhər, günorta və axşam yeməklərinin bir hissəsini də öz üzərinə götürür. Bu azmış kimi, daha bir ev tikdirib, onu da eyni qaydada yüzlərlə xanım zəvvarın ixtiyarına verib. Özü çox böyük nüfuz sahibi olmasına baxmayaraq, gün ərzində şəxsən ora-bura vurnuxur, həm otaqlara, həm sanitar-gigiyena qovşaqlarına, həm yeməkxanaya baş çəkərək qonaqlarının xidmətində canla-başla durmağa, onları razı salmağa çalışırdı. Ona təşəkkür etmək istəyəndə isə əlini ürəyinin üstünə qoyub hamıya qarşı yalnız bircə kəlmə işlədirdi: “Həbibi!” Yəni ki, əzizimsiniz…
Əbu Muhəmməd sonda xeyməsindən ayrılan bütün zəvvarlarla tək-tək görüşüb onları qucaqlayır, hamını bağrına basır, dayanmadan hönkür-hönkür ağlayırdı. Sanki ailə üzvündən, əzizindən uzun müddətə ayrılışmış kimi…
Ayrılmazdan öncə ona dərin təşəkkürümü bildirdim və Azərbaycan dilində də olsa, tam səmimi formada, bir az da əl-qol hərəkətləri ilə başa salmağa çalışdım ki, onun kimi insanlar indi çox nadir tapıntıdır, əsl dəyərdir. O, sanki müasir dövrdə insanların arasında bir ləldir, cəvahiratdır, üzüyün qaşı kimidir, əsl Allah bəndəsidir.
Əsl Allah bəndəsi, əsl insan olmaq arzusu ilə…
İlkin İzzət
İraq, avqust 2025



