Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarükü çərçivəsində bu günə qədər 29,8 min ton məhsul təhvil verilib.
BAKU.NEWS bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkə prezidentinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir. İndiyə qədər 18 rayonda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb. Şirkətlərdən daxil olmuş operativ məlumatlara əsasən, həmin sahələrin 22 min hektarında (98,1 %) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.
Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. Bu günə qədər tədarük məntəqələrinə təhvil verilmiş 29,8 min ton ərzaqlıq buğdanın 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edib.


