“Dağınıq skleroz (DS) mərkəzi sinir sisteminin, yəni baş və onurğa beynin demielinizasiyası ilə gedən autoimmun xəstəliyidir. Demielinizasiya sinirlərimizi izalə edən və qoruyan mielin təbəqəsinin dağılması deməkdir”.
TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzinin həkim-nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Şöhrət Talıbovun sözlərinə görə, demielinizasiya ocaqları baş və onurğa beyində multifokal, dağınıq, yəni çoxocaqlı şəkildə olur:
“Simptomları aşağıdakılardır:
– İki görmə, görmənin optik nevrit nəticəsində zəifləməsi, yaxud itməsi,
– Hissi pozuntular: üzdə, əllərdə, ayaqlarda keyləşmə, uyuşma və ya sancma,
-Kobud hərəki pozuntular: spastik hemiparez, yaxud paraparezlər. Bu zaman əzələ spastikliyi əzələ zəifliyindən qabarıq olur.
– Beyinciyin zədələnməsindən üzə çıxan bədənin müvazinətinin, yerişin pozulması, intension tremor, nistaqm olan statiko-dinamik ataksiya,
– Çanaq orqanlarının funksiyasının pozulması və s.
Dağınıq sklerozun müalicəsi ilk növbədə kəskin epizodların medikamentoz və remissiyaların qarşısını alan müalicədən ibarətdir. Kəskin epizodu olan və ya hərəkətlərin məhdudlaşması artan xəstəyə yüksək dozada kortikosteroidlərlə müalicə aparılır”.
Ş.Talıbov bildirib ki, indiyə qədər dünyada dağınıq sklerozun sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb:
“Amma siqaret və alkoqoldan uzaq olmaq, normal, keyfiyyətli yuxu, mülayim dərəcəli fiziki aktivlik və s. önəmli faktorlardandır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidenti 13 noyabr 2012-ci il tarixli Sərancamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair” Dövlət Proqramı təsdiq edilib və bu proqram icra olunur”.


