2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahəsinin sığortalanması barədə müqavilələr imzalanıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu müqavilələr üzrə fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələridir.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əkin sahələrinin sığortalanması üzrə 11 milyon manat sığorta haqqı ödənilib.
Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir.
Buna uyğun olaraq ümumi sığorta haqlarının yarısı – 5,5 milyon manatı fermerlər tərəfindən, digər yarısı – 5,5 milyon manatı isə dövlət tərəfindən ödənilib.
2023-cü ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb.
Sığortalanan heyvanların 4010-u iri buynuzlu (inək və camışlar) və 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. Heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edir.


