Ölkəmizdə son illər narkotik asılılığından əziyyət çəkənlərin çoxaldığı müşahidə olunur. Bir çox gənc və yeniyetmələr bu bəlaya düçar olaraq həm də öz ailələrinə maddi və mənəvi ziyan vururlar.
Mövzu ilə bağlı Bakı Şəhəri Narkoloji Mərkəzinin həkimi, həkim – narkoloq, psixoterapevt Pərvin Abbaslının Visiontv.az saytına müsahibəsi:
Ümumiyyətlə sağlıq durumundan asılı olaraq kimlər narkoman hesab olunur?
Narkoman – psixoaktiv maddə asılılığı barədə öncə qeyd edək ki, asılılıqlar nədir. Asılılıqlar iki cürdür. Kimyəvi və qeyri kimyəvi asılılıqlar var. Buna görə də psixoaktiv maddə asılıları o şəxslərə deyilir ki, hər hansısa bir növ narkotik və psixatrik maddədən istifadə nəticəsində ondan asılı hala düşmüş olsun. Ümumiyyətlə bu proses, psixi və fiziki asılılıqlarla müşahidə olunur. Müəyyən narkotik vasitələr var ki, onlar fiziki yox, daha çox psixi asılılıq yaradır. Hazırda dünyada psixoaktiv maddə istifadəçiləri getdikcə artır. Təbii ki, bu bizim ölkəmizdən də yan keçmir. Getdikcə də təəssüflər olsun ki, gəncləşir. Yeniyetmələrin içərisində bu asılılıqlardan əziyyət çəkənlərin sayı artır.
Narkoloji müayinə və müalicə prosesində istənilən şəxsin anonimliyi qoruna bilərmi?
Narkoloji müayinə və müalicə prosesində istənilən şəxsin anonimliyi əlbəttə ki, qoruna bilir. Şəxs, yalnız könüllük prinsipi əsasında müalicə olunur. On səkkiz yaşına çatmayan şəxslər, valideynləri və yaxud da qanuni nümayəndələri ilə, on səkkiz yaşdan yuxarı şəxslər isə sərbəst şəkildə müraciət edə bilərlər.
Narkotik asılığına düçar olan bir şəxsin bu bəladan qurtulması üçün, özü və doğmaları nələrə əməl etməlidir?
Deyə bilərəm ki, həmin şəxslər son dərəcə səbrli olmalıdırlar. Xüsusilə də yaxınları həmin şəxslərə diqqətlə yanaşmalıdır. Çünki, narkotikdən əziyyət çəkənlərin əksəriyyəti depressiv ola bilir. Buna görə də özlərinə və ətrafa daha çox zərər verə bilərlər. Narkotikdən asılı olan şəxslər bir qədər aqressiv olduğu üçün, narkotik əldə edə bilmədikdə daha çox aqressivləşib hətta doğmalarına da zərər vururlar.
Bu bəladan qurtulmaq üçün müalicə 3 prinsipə əsaslanır. İlk növbədə detoks – yəni, orqanizmin zərərli maddələrin qalıqlarından təmizlənməsi və bundan sonra isə psixofarmakoterapiya, simptomatik korreksiya daha sonra isə psixoterapiya və ya reabilitasiyadır. Həmin şəxslərin bu müalicə etaplarının uzun müddətli olduğu üçün səbrli və dözümlü olmaları tələb olunur. Bu şəxslər, özlərinə inamlı olmalıdır. Yaxınlarının isə onlara qarşı anlayışlı və qayğıkeş olması zəruridir. Onlar bilməlidir ki, həmin şəxs bir günə və ya bir aya narkotik asılısı olmayıb. Qeyd etmək lazımdır ki, adətən müraciət edən şəxslər bir və ya iki ayın pasientləri olmur. Onlar bəzən bir ilin, bir neçə ilin pasienti olurlar. Bu şəxslər, ən azı altı ay ərzində müalicə almalı daha sonrakı mərhələdə isə nəzarətdə olmalıdır.
Yaxınları anlamalıdır ki, bu şəxslər xroniki xəstədirlər. Təbii ki, bu xəstəliyin, bio, sosialolji səbəbləri var. Bu xəstəliyə düçar olmanın səbəbləri müxtəlifdir. Dostlar, ailədə kiminsə narkotik istifadəçisi olması, hətta genetik faktor, daha sonra şəxsin psixi travmaları, yaşadığı psixi problemlər və narkotik maddənin asanlıqla əldə olunması və bütün bunlar narkotik asılılığa əsas səbəblərdir.
Nə üçün bir çox pasientlər müalicə olunduqda sonra yenə də narkotikin təsirinə düşürlər?
Biz çox bu hallarla çox rastlaşırıq. Müalicə olunan şəxs müəyyən qədər müalicə olunur yaxud da müalicəni yarımıçıq saxlayır.Təbii ki, o şəxsin narkotik vasitələrdən yenidən istifadə etməsinə ehtimal çoxdur. İlk növbədə qeyd etməliyəm ki, müalicə axıra kimi davam etdirilməlidir ki, müalicə uzun müddətli remissiya əldə olunsun. Yəni, xəstəliyi uzun müddətə dayandıra bilək. Belə şəxslərin yenidən narkotik asılısı olmaması üçün, ona pis nümunə olan dostlarından uzaqlaşmalıdır. Yaşadığı mühiti lazım olarsa dəyişməlidir. Bu da çox effektivdi. Hər hansısa bir işə yönəlməsi, onun əmək terapiyası ilə daha tez sağalması mümkündür. Xüsusilə qeyd edim ki, əmək terapiyası həmin şəxslərin sağalmasına daha çox faydalı olur.
Narkoloji müalicə ilə paralel psixoloji yardım və psixoterapiya da ehtiyacın olduğu məlumdur. Bunun əhəmiyyəti nədir?
Narkotik maddələrdən asılılığın müalicəsində psixoterapiya xüsusi rol oynayır. Buraya müxtəlif növ psixoloji yardımlar, reabilitasiyalar müxətlif növ terapiya növləri, misal üçün SBT, gipnozla terapiya, psixoanaliz var. Kodlaşdırma dediyimiz müalicə metodu var ki, bu da detoksdan sonra olur. Xüsusi maddələr var ki, onlar müvəqqəti olaraq bir növ narkotik maddələrin əvəzləyicisi kimi orqanizmə cərrahi metodlarla yerləşdirilir. Bu isə müalicəyə kömək edir.
Sonda həkim – narkoloq olaraq tövsiyyələriniz nədir ?
Qeyd etmək istəyirəm ki, gənclərimiz təsir altına düşməsinlər. Gənclər, yeniyetmələr onları psixotrop maddələrlə şirnikləşdirən şəxslərə qətiyyən əhəmiyyət verməsinlər və onlardan tam uzaq dursunlar. Hansısa bir yaxının, tanışın mənfiliklərini nümunə bilməsinlər. Mütləq seçdikləri mühiti diqqətlə və həssaslıqla müşahidə etsinlər. Çalışıb daha çox vaxtlarını, təhsilə, idmana və hər hansısa bir hobbiyə, əməyə yönəltsinlər. Təbii ki, bədii mütaliə, mənəvi aləmi zənginləşdirmək insanların narkotik maddələrə düçar olmaması və boş zamanlarının faydalı keçməsi üçün əhəmiyyətlidir. Psixoloji kitablar, özünüinkişaf və motivasiya ilə bağlı kitablar oxumağa çalışsınlar. Hər zaman təshil önəmlidir. Boş zamanlar olmadıqca onların beyninə zərərli işlərlə məşğul olmaq kimi fikirlər də gəlməyəcəkdir. Olduqları mühit onları qane etmirsə mütləq daha yaxşı mühit dostlar tapmağa çalışsınlar ki, yanlış istiqamətə yönəlməsinlər.


