Son dövrlərdə Azərbaycanın Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələri davamlı olaraq Azərbaycan Ordusunun hərbi hissələrinə qarşı təxribatlar, terrorlar törədirdilər. Xüsusilə avqustun 3-də Laçın rayonu istiqamətində hərbi bölmələrimizin mövqelərinin erməni separatçıları tərəfindən atəşə tutulması nəticəsində müddətli hərbi xidmətdə olan əsgər Anar Kazımovun şəhid olması tükənmiş səbrimizi alovlandırdı. Yəni, erməni separatçıları bu təxribatları ilə Azərbaycan Ordusunu məcbur etdi ki, sərt və qətiyyətli antiterror tədbirləri həyata keçirsin. Məhz dərhal həyata keçirilən “Qisas” hərbi əməliyyatı çərçivəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Bu, yalnız hərbi deyil, həm də siyasi zərbə idi və Ermənistan hakimiyyətini küncə sıxışdırmaq üçün vacib idi. ”Qisas” əməliyyatının uğurlu nəticəsi sayəsində Laçın və Kəlbəcər istiqamətində strateji yüksəkliklər – Sarıbaba ordumuzun nəzarəti altına keçdi. Bundan başqa, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ istiqamətində mühüm yüksəklik olan Qırxqızda da mövqelərimiz təmin edildi.
Qeyd edək ki, avqustun 12-də Prezident cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal kəndinə səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibədə bu barədə bildirib ki, “Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və
heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq.”
Siyasi və hərbi ekspertlərin fikrincə, “Qisas” əməliyyatından sonra Ermənistan reallığı başa düşəcək və Azərbaycanın mövcud hərbi-siyasi gücü ilə hesablaşmalı olacaqdır. Bütün bunlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin dəfələrlə “nəyi və nə vaxt edəcəyi” barədə fikirləri qətiyyətli siyasətin təzahürüdür.
Valeh Əsədov
Göygöl DAİM direktor müavini


