Tarixə nəzər salsaq görərik ki, dünyada əsrlər boyu yaşamış, mövcud olmuş xalqların hər birinə müstəqil dövlət qurmaq, ən şirin nemət olan azadlığın nədən ibarət olduğunu görmək, yaşamaq qismət olmur. Yüzlərlə xalqın əsarət altında yaşadığını, onun ziyalılarının ömür boyu vicdan əzabına məhkum olunduğunu gözəl bilirik. Bu mənada deyə bilərik ki, o xalq xoşbəxtdir ki, müstəqil dövləti var. Özünün müstəqil dövləti və dövlətçilik ənənəsi olan Azərbaycan xalqı bu mənada xoşbəxt xalqdır. Qalib ölkəmiz bu gün dünyada sözü eşidilən dövlətlərdən biridir.
Yerləşdiyi coğrafi məkanda, həm iqtisadi, həm siyasi, həm də hərbi güc baxımından lider dövlət olan Azərbaycan son illər qazandığı uğurlar, nailiyyətlər nəticəsində dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Dünyanın harasında olmasından asılı olmayaraq ölkəmizə aid dövlət rəmzlərini gördükdə insan böyük qürur hissi keçirir, Azərbaycan vətəndaşı olmaqla fəxr edir. Hər bir azərbaycanlı varlığımızın mənası, yaşamağımızın qayəsi olan dövlətimizi və Dövlət rəmzlərimizi qorumalıdır. Dövlət rəmzlərimizdən biri olan Üçrəngli bayrağımız qürur mənbəyimizdir. Özündə türkçülüyü, müasirliyi, islamçılığı ehtiva edən Şanlı Bayrağımız bizim üçün müqəddəsdir. Bayrağımıza hörmət və ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Bayraq Günü kimi qeyd olunur. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli Dövlət Bayrağımızı ilk dəfə 1918-ci il 9 noyabr tarixində Bakıda, hökumətin iclasında qəbul edib.
Həmin vaxt bayrağımız iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Lakin təəssüflə deməliyik ki, o zaman ucaldılmış bayrağımızın ömrü uzun olmadı. AXC-nin süqutu üçrəngli bayrağımızın da sonunu gətirdi. Üçrəngli bayrağımız düz yetmiş ildən sonra təkrar ucalmağa müvəffəq oldu. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməklə, yenidən ucaldı. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.
Qürurla deyə bilirik ki, bu gün artıq Üçrəngli bayrağımız Azərbaycanın bütöv sərhədləri daxilində əzəmətli şəkildə dalğalanır. Bu gün dəyişən dünyamızda dəyişməyən bir həqiqət var: özünə sahib olmayana kimsə sahib olmaz. Bəli, özümüzə sahib olmaq üçün dövlət rəmzlərimizə xüsusi hörmətlə yanaşmalı, onu göz bəbəyi kimi qorumalı gələcək nəsillərə ötürməliyik. Müzəffər Prezidentimiz cənab İlham Əliyevin bayraq haqqında dediyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Kənan Xəlilov;
Neftçala rayonu, idmançı


