Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idmançıların və məşqçilərin ilin yekunları ilə bağlı təltifetmə mərasimi keçirilib.
Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Mükafatlandırma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, il ərzində əldə olunmuş nəticələr haqqında məlumat vermiş, 2022-ci ilin Gəncə idmanı üçün uğurlu bir il olduğunu qeyd etmiş və il ərzində əldə olunmuş nəticələrin 2023-cü ildədə davamlı olmağını arzulamışdır. Tədbirdə Şöhrət Ordenli, Prezident mükafatçısı, Əməkdar məşqçi Elçin Zeynalov, Şöhrət Ordenli, Gəncə Şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin baş təlimatçısı, Şöhrət ordenli Əli Hacıyev, Kikboksinq üzrə şəhərin baş məşqçisi İlqar Alıyev, Azərbaycan Karate-do Federasiyasının Qərb Regional şöbəsinin rəhbəri Sahib Rzayev çıxış edərək, idmançıları 2022-ci ildə əldə etdikləri nailiyyətlər münasibətilə təbrik etmişlər və onlara növbəti ildədə yeni-yeni uğurlar arzulamışlar.
Daha sonra Baş İdarə tərəfindən 2022-ci il ərzində Dünya və Avropa yarışlarında uğurlu nəticələr əldə etmiş idmançılar haqqında hazırlanmış video-çarx nümayiş olunmuşdur.
Sonda 2022-ci il ərzində uğurlu nəticələr əldə etmiş idmançılar və məşqçilər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Diplomlarla təltif edilmişlər.


