Bakının ilk dəfə ev sahibliyi etdiyi sumo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti Atil Ağamirov, Beynəlxalq Sumo Federasiyasının prezidenti Şo Hakuho çıxış ediblər. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.
Açılış mərasimindən sonra çempionatın yarımfinal və final görüşləri keçirilib. 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan sumoçusu Əmrah Şəfiyev finalda Gürcüstan təmsilçisinə qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçirilib. İlk gün 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları baş tutub. Oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunub.
























