Bakı Baş Səhiyyə Mərkəzində 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri, departament, şöbə müdirləri, digər əməkdaşlar və tabeli tibb müəssisələrinin bir sıra nümayəndələri iştirak edib.
İlk olaraq Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan E.Əmirov bütün səhiyyə işçilərini 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara gördükləri məsuliyyətli və şərəfli peşədə müvəffəqiyyətlər arzulayıb.
Son illərdə inkişaf edən ölkə səhiyyəsinin nailiyyətləri haqqında məlumat verən E.Əmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində yeni müasir tibb mərkəzlərinin yaradılmasının, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsinin, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin, peşəkar kadrların cəlb edilməsinin tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açdığını vurğulayıb. O, Bakı şəhəri əhalisinin sağlamlığının qorunmasında mühüm rol oynayan Bakı Baş Səhiyyə Mərkəzinin də uğurlarından bəhs edərək, Mərkəz tərəfindən həyata keçirilən struktur-kadr islahatları, tibb personalının peşəkarlığının yüksəldilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması, cari və əsalı təmir işlərinin həyata keçirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Tədbirin sonunda Bakı Baş Səhiyyə Mərkəzinin və tabeli tibb müəssisələrinin bir sıra əməkdaşları əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilib.


