SPECA Mərkəzi Asiya Ölkələri arasında iqtisadi inkişafa töhfə verən xüsusi iqtisadi proqram olmaqla paralel, həm də yeni dünya nizamı fonunda ölkələr arasında siyasi əməkdaşlığın yeni tələblər üzərindən qurulmasını şərtləndirəcəkdir.
Bu gün Azərbaycanın xarici siyasət kursu, bütün dünya dövlətləri ilə iqtisadi və siyasi sahədə birgə əməkdaşlıq və inteqrasiya üzərində qurulmuşdur. Azərbaycanın yerləşdiyi coğrafi məkan Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla, o cümlədən Avropa ölkələri ilə iqtisadi bağlılığını təmin etmək üşüm çox əlverişli mövqe sayılır. Bu bağlılığı, iqtisadi əməkdaşlığı ən yüksək səviyyədə təmin etmək üçün ilk növbədə Cənubi Qafqaz regionunda müharibələrə, terrorizmin məhvinə və regionda əbədi sülhün təmin edilməsinə böyük ehtiyac duyulurdu.
Əks təqdirdə bu səviyyədə münasibətlərin qurulması və effektivliyi kölgə altında qalırdı. Vətən Müharibəsinin sonunda Azərbaycan öz ərazi bütövlüyünü, 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatları zamanı isə öz suverenliyini təmin etdi. Ölkəmiz Qarabağ İqtisadi rayonunda cəmləşmiş separatçi qüvvələrin siyasi ocağını darmadağın etməklə, qondarma rejimin buraxılmasına nail oldu. Bu gün Azərbaycanda istənilən regional və beynəlxalq əhəmiyyətli layihələrin icrası üçün əlverişli mühit mövcuddur. Belə bir şəraitdə Azərbaycanın BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının inkişafına dəstək vermək üçün hazırlanmış xüsusi proqramı olan SPECA həftəsinə ev sahibliyi etməsi böyük siyasi əhəmiyyət kəsb edir.
Zirvə görüşündə SPECA proqramının əhatə etdiyi dövlətlərin başçılarının Bakı şəhərinə səfəri, bu proqramın əhəmiyyətinin xüsusi dərəcədə yüksək olduğunun və Azərbaycanın bu gün dünya miqyasında əldə etdiyi xüsusi nüfuzunun göstəricisi kimi qəbul edilməlidir. Azərbaycan həqiqətən də son illər Mərkəzi Asiya ölkələri ilə istər iqtisadi, istərsə də siyasi sahədə birgə əməkdaşlığın yüksəldilməsi və inkişafı istiqamətində müsbət nəticələr əldə etmiş, bu proseslər hazırda da davam etməkdədir. Bu gün Mərkəzi Asiya ölkələrindən olan Özbəkistan işğaldan azad edilmiş rayonlarımızda aparılan abadlıq quruculuq işlərində yaxından iştirak edir. Bütün bunlar o, deməkdir ki, Mərkəzi Asiya ölkələri Azərbaycanın haqq işinə daim haqq qazandırıb və bundan sonra da Ölkəmizin bu istiqamətdə atacağı addımlara dəsək verəcəklər. SPECA iqtisadi proqramın yaranma zərurətlərinin tarixinə nəzər salsaq görəcəyik ki, bu iqtisadi proqram Sovetlər birliyi dağıldıqdan sonra müstəqilliklərini bərpa edən Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının inkişafına dəstək olmaq üçün təsis edilmiş xüsusi bir proqramdır. Artıq bu il SPECA-nın təsis edilməsindən 25 il ötür.
Belə bir Zirvə görüşünün Bakı şəhərində keçirilməsi də bu baxımdan çox böyük siyasi əhəmiyyətə malikdir. Ölkə başçısı cənab İlham Əliyev Bakı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən Zirvə görüşündə bir daha bütün dünya dövlətlərinə səslənərək, Azərbaycanın hər zaman olduğu kimi, bu gün də beynəlxalq müstəvidə sülh və təhlükəsiz həyatın tərəfində olduğunu, daim bölgədə iqtisadi inkişafın təmin edilməsi üçün zəruri addımların atılmasında maraqlı tərəf olduğunu diqqətə çatdırmışdır. Əlbəttə, bu gün Azərbaycanın haqlı mövqeyini dəyərləndilənlər iqtisadi cəhətdən öz güclərini, potensiallarını ortaya qoyaraq, dövlətlərinin möhkəmlənməsinə nail olacaqlar, ancaq cənab İlham Əliyevin sözləri ilə ifadə etsək hansısa ağaları tərəfindən idarə olunan ölkələr, məsələn Ermənistan siyasi ambisiyalarına sadiq qalaraq, inteqrasiyadan, regional əməkdaşlıqdan kənar qalaraq onsuz da ağır olan vəziyyətlərini daha da pisləşdirəcəklər. Bir daha vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycanın yerləşdiyi coğrafi məkan Mərkəzi Asiya ölkələrinin təkcə cənubi Qafqazla deyil, həm də Avropa ölkələri ilə birləşdirən tranzit yolun üzərindədir. Belə olan halda təkcə Mərkəzi Asiya ölkələrinin deyil, Avropa ölkələrinin də dünyada etibarlı tərəfdaş imici formalaşdırmış Azərbaycanla olan münasibətləri daim inkişaf istiqamətində olacaqdır.
Elçin Əsədov;
Neftçala rayon ziyalısı


