Şuşadan danışarkən xəyallarımızda, gözlərimizin önündə elə bir anlar canlanır ki, bəzən bu hissləri sözlə ifadə etmək çox çətin olur. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz mədəniyyət beşiyimiz, qürur yerimiz Şuşanı düşməndən azad edən gün sözün həqiqi mənasında xalqımızın mənliyi yenidən özünə qayıtdı.
28 il ərzində məqsədli şəkildə əzilmiş, pozulmuş haqq və hüquqmuzu şəhidlərimizin canı, qazilərimizin qanı bahasına bərpa edə bildik. Azərbaycan tarixinin ən şərəfli səhifələrinin yazıldığı Vətən Müharibəsinin taleyi də bu hadisə ilə həll edildi. Şuşa kimi alınmaz bir qalanın misligörünməmiş hərbi taktika, vətənsevər oğullarımızın şücaəti, qəhramanlığı sayəsində düşməndən azad edilməsi ermənilərin və onların havadarlarının belini sındırdı. Möhtərəm Prezident çıxışlarının birində “İşimiz Şuşasız yarımçıq qalardı” demişdi.
Bəli, 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günü idi. Rəsmi olmasa da, xalqımız bu “qara ləkə”ni ürəyində yaşadır, bir gün “Qalib ölkənin vətəndaşı” kimi Şuşa daxil torpaqlarını azad, dövlətini suveren görmək arzusu ilə yaşayırdı. Artıq dördüncü ildir ki, xalqımız müqəddəs arzusunun işığında qürurlu tarixini yaşayır. Dünyaya Qalib Dövlətin Qalib vətəndaşı kimi özünü təqdim edir. Dövlətinin qüdrətindən kam alır.
Cənab Prezident çıxışlarının birində dediyi kimi: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Bu reallıqdır ki, hazırda yerləşdiyimiz regionda Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir proses reallaşa bilməz. Yaşasın qüdrətli Azərbaycan!.
Ramilə İmanlı;
Neftçala rayon gənci


