Tarıxə nəzər saldıqda görürük ki, Ökəmizin Orta Asiyanın ən böyük dövləti Qazaxıstanla qədim köklərə uzanan tarixi, həmçinin min illiklərə dayanan əlaqələri vardır. Xalqlarımız arasındakı münasibətlər XX əsrdə Sovet hakimiyyəti dövründə də bütün məhrumiyyətlərə rəğmən yüksələn xəttlə inkişaf etmişdir.
Ölkələrimiz Sovet İttifaqının dağılması ilə müstəqilliklərini bərpa etdikdən sonra isə tamailə yeni müstəvidə inkişaf etməyə başlamışdır. İki ölkənin diplomatik əlaqələrinin dost və qardaşlıq prinsipi əsasında qurulması Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən həyata keçirilmişdir. Bu münasibət Türk dünyasının hər iki güclü Liderlərinin timsalında türk qardaşlığı və türk xalqları birliyinə bünövrə olmuşdur.
Cənab İlham Əliyevin hələ 2004-cü ildə Qazaxıstana ilk rəsmi səfəri zamanı Nursultan Nazarbayev, Azərbaycan Prezidentinin güclü milli Liderin layiqli davamçısı olduğuna, Azərbaycanın regionda və dünyada mövqeyini gücləndirəcəyinə tam inamını əminliklə bildirmiş, bu fikirlərlə dünya dövlətlərinə zəmanət mesajını ötürmüşdür. Bu gün isə qardaş Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin münasibətlərimizə verdiyi önəm və diqqət ölkənin varislik prinsipinə verdiyi önəmin bariz nümunəsidir. Ölkə Prezidentlərinin qarşılıqlı səfərləri, beynəxalq tədbirlərdəki görüş və bəyanatları, dövlətlərarası qarşılıqlı etimad və münasibətlərin gələcək perspektivindən vəbər verir.
Cənab Prezident İlham Əliyevin bu günlərdə Qazaxıstan Respublikasına rəsmi səfəri və səfər zamanı müxtəlif sahələrə dair imzalanmış mühüm sənədlər, həyata keçirilmiş müzakirələr, əldə olunmuş razılaşmalar gələcəyə böyük ümidlərlə baxmağa inam yaradır. Bir məsələni xüsusi vurğulayaq ki, ötən il Tokayevin Bakiya rəsmi səfəri zamanı Qazaxıstan Prezidentinin Azərbaycana layihə hədiyyəsi olmuşdur. Torpaqlarımız 30 ilin erməni işğalından azad edildikdən sonra başda qardaş Türkiyə olmaqla, Qarabağ Zəfərini bütün türk dünyasının ortaq qələbəsi hesab edən dost dövlətlər öz xoş niyyətlərini və sevinclərini onun bərpasında iştirak etməkdə görür, Qarabağın yenidənqurma işlərinə töhfə verməklə öz xoş niyyətlərini bildirməyə çalışırlar.
Bu mənada Qazaxıstan da qardaşlıq, əməkdaşlıq missiyasına öz imzası ilə daxil oldu, Füzuli şəhəri ilə Qazaxıstanın şəhərindən birinin qardaşlaşması və Qazax musiqiçisi Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsi ilə bağlı layihə Dövlət başçımıza təqdim edilməsi tarixi hadisə idi. Məhz bu səfər zamanı da həmin məsələnin müzakirə edilməsi Qazaxıstanın Azərbaycanın yanında olmasını bir daha nümayiş etdirdi. Ulu Öndərin 100 illik yubileyinin qeyd edildiyi bir zamanda Qazaxıstanın da Azərbaycanın dahi Liderinə böyük dəyər verməsi, Ulu Öndərin adının əbədiləşdirilməsi barədə atılan addımlar hər birimizin hədsiz qürur və sevincinə səbəb olur. Əlbəttə ki, bu gün Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı əməkdaşlıq əlaqələri Türk xalqları birliyinə xidmət edir.
Xannənə Ağayeva;
Neftçala rayon sakini, ictimai fəal


