Dekabrın 16-da Azərbaycanın görkəmli alimi, tanınmış pediatr, Tibb elmləri doktoru, professor, akademik Adilə Namazova ömrünün 94-cü ilində dünyasını dəyişib.
BAKU.NEWS bildirir ki, Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq, dünya şöhrətli alim Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.
Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.
1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Azərbaycan Tibb Universiteti əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınları və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!


