Cənab Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri hər iki dost dövlət arasında münasibətlərdə yeni bir səhifənin açılmasına şərait yaradacaqdır.
Son illər Yer kürəsində baş verən geopolitik proseslər dünya dövlətləri arasında iqtisadi, eləcə də siyasi bağlılığın artmasını, əməkdaşlığın inkişaf strategiyası üzərində qurulmasını şərtləndirən amillərə çevirmişdir. Əldə olunmuş Zəfər qələbəmizin fonunda, dünya dövlətlərinin Azərbaycana olan baxışı sözün əsl mənasında yüz səksən dərəcə dəyişilmişdir. Artıq Azərbaycanla əməkdaşlığa can atan, onunla iqtisadi və siyasi bağlılığını daha möhkəm tellər üzərində qurmağa çalışan dövlətlərin sayı hər gün artmaqda davam edir. Bizlər bu aktivliyin Azərbaycanın xarici siyasətində açıq-aydın şahidi oluruq.
Ölkə Başçısı cənab İlham Əliyevin Mərkəsi Asiya, o, cümlədən türkdilli ölkələrə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana rəsmi səfərləri dövlətlər arasında olan bağlılığın, əməkdaşlığın dərinləşməsini şərtləndirib. Bu münasibətlərin qurulması fonunda Mərkəzi Asiya dövlətləri arasında Azərbaycanın Tacikistanla münasibətlərinin əhəmiyyətini xüsusilə vurğulamalıyıq. Hər iki dost dövlət arasında münasibətlərin qurulması hələ 1992-ci ilin əvvəllərinə təsadüf edir. Bu gün Tacikistanın Azərbaycanda, Azərbaycanın isə Tacikistanda səfirlikləri fəaliyyət göstərir. Ölkə Başçısı cənab İlham Əliyevin Tacikistana səfəri Prezident Emoməli Rəhmanovun dəvəti əsasında baş tutmuşdur.
Möhtərəm Prezidentimizin Tacikistana səfərinin əsas məqsədi iki ölkə arasında mövcud əlaqələrin daha yüksək səviyyədə inkişafına nail olmaq və iqtisadi müstəvidə mövcud potensialların dəyərləndirilməsi olmuşdur. Bu gün Azərbaycanla Tacikistan arasında münasibətlər cəmiyyətimizin müxtəlif sferalarında mövcuddur. Ölkələrimiz arasında tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdəki münasibətlərdə birləşir. Bu gün Azərbaycan Tacikistan üçün mühüm strateji tərəfdaş ölkədir. Cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri hər iki dost dövlət arasında münasibətlərdə yeni bir səhifənin açılmasına şərait yaradacaq, mövcud əlaqələrin daha əhatəli şəkildə inkişafına təkan verəcəkdir.
Mirsəfər Bağırov;
Neftçala rayon sakini, müəllim


