Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bu gündən ölkəmizdə toxum sərgi-satış yarmarkasına start verilib. Bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilir.
BAKU.NEWS xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.
O bildirib ki, bu il toxum sərgi-satış yarmarkası respublikanın 8 regionunda keçiriləcək. Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilən bu yarmarkalar toxumçuları bir araya gətirir o cümlədən ölkəmizdə toxumçuluğun daha da elmi əsaslarla inkişafına təkan verir. Bu gün Şəkidə keçirilən festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi eləcə də fermerlərin maarifləndirilməsi üzrə təlimlər keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər. Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib.
C.Quliyev











