Binəqədi rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
BAKU.NEWS Avtosfer.az-a istinadən xəbər verir ki, 99-RP-999 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Həmidov Vüsal Atamoğlan oğlu, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanılmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. Mayın 5-də məhkəmənin qərarı ilə sürücü Vüsal Həmidov 15 gün müddətinə inzibati qaydada həbs edilib və eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Lakin sürücü məhkəmənin qərarı ilə razılaşmadığına görə 3 gün sonra Apellyasiya Məhkəməsinə şikayət verib.
Sürücü etdiyi şikayət əsasında Binəqədi rayon Məhkəməsinin qərarının ləğv edilməsinə və azadlığa çıxmasına nail ola bilib.
Avtosfer.az-a verilən məlumata görə sürücü Azadlığa çıxan gün (mayın 7-i) idarə etdiyi 99-RP-999 qeydiyyat nişanlı avtomobillə paytaxtın Azadlıq prospektində (qoşa yanacaqdoldurma məntəqəsinin yanında) yol hərəkəti qaydalarını pozaraq ağır yol nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində həm öz avtomobilinə, həm də digər atomobillərə ciddi ziyan dəyib.



