Bu gün Azərbaycanla Almaniya arasında hüquqi və müqavilə bazası yetərincə genişdir. Hesab etmək olar ki, iki ölkə arasındakı bu əməkdaşlıq həqiqətən Azərbaycanın Avropa İttifaqı üzvləri ilə münasibətləri arasında ən uğurlu olanlardandır.
Qeyd etməliyik ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq son 30 il ərzində ancaq yüksək xəttlə inkişaf edib və bu da uğurlu nəticələrlə yadda qalıb. Hazırda Azərbaycanda 200-dən artıq alman şirkəti qeydiyyatdan keçib ki, bunların təqribən 170-i Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür.Alman şirkətləri Ölkəmizdə əsasən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə fəaliyyət göstərirlər. Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollar təşkil edib ki, bunun da 591,3 milyon dolları Azərbaycanın ixracının, 663,5 milyon dolları isə idxalının payına düşür. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətində 8-ci, Azərbaycana ixrac edən ölkələr arasında isə 4-cü yer tutub. Almaniyaya Azərbaycan neftinin tədarükü ümumi ticarət həcmində əsas dayaq nöqtələrindən biridir. Beləliklə, ötən il Almaniyaya neft ixracının həcmi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon dollar təşkil edib. Eyni zamanda 2022-ci ildə Almaniya Azərbaycan neftinin 10 əsas idxalçıları siyahısına daxil olub. Bu gün iki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Hələ 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın qaz treyderi Uniper SE qaz tədarükü üzrə uzunmüddətli müqavilə bağlayıblar. Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi işə salındıqdan etibarən Uniper Avropa bazarda Azərbaycan qazının əsas alıcılardan biridir. Bu, şirkətin qaz satınalması üzrə 2045-ci ilədək davam edəcək uzunmüddətli layihəsidir. Bugünədək Uniper-ə tədarük olunan Azərbaycan qazının həcmi 3,1 milyard kubmetrdir. Ötən il SOCAR Almaniyaya 1,7 milyon xam neft ixrac edib. Bundan başqa, 2016-cı ildə SOCAR və Uniper Azərbaycanda enerji səmərəliliyi üzrə layihələrin hazırlanması məqsədilə birgə müəssisə yaradıblar. İlk layihə Sumqayıtda “Azərkimya” istehsal birliyinin kimya zavodunda buxar və elektrik enerjisi istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarından ibarət idi. Layihənin 2023-cü ilin yayınadək tamamlanacağı gözlənilir. Zavodda istehsal olunan elektrik enerjisi SOCAR müəssisəsinə, daha sonra isə Azərbaycanın elektrik şəbəkəsinə tədarük olunacaq. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası prosesinə gəlincə, alman şirkətlərinin xüsusən Almaniyanın ənənəvi olaraq çox güclü olduğu bərpa olunan enerji mənbələri, maşınqayırma, avtomobil sənayesi, kimya sənayesi və elektronika sektorlarında iştirakı üçün böyük potensial mövcuddur. Bərpa olunan enerji mənbələri ilə uzlaşan “ağıllı” şəhər və kəndlər konsepsiyası da Almaniya üçün maraq təşkil edən sahələrdən biridir. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya strateji tərəfdaşlığının hərtərəfli və irəliləyən inkişafının parlaq nümunəsi olmaqla iki ölkə arasında münasibətlərdə yeni səhifə açır.
Kainat Qurbanov;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi


