Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən bu ilin 3 rübündə cəmiyyət üçün mühüm sosial mövzular üzrə müxtəlif ünvanlardakı reklam qurğularında 1859 sayda sosial reklamın yayımı təmin edilib.
Reklamlar 36 fərqli mövzunu əhatə edib və əsasən narkomaniya ilə mübarizə, ailə dəyərlərinin qorunması, sosial həmrəylik və milli-mənəvi dəyərlərin təşviqinə yönəlib.
Xüsusilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Narkotiklərlə mübarizə”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Himayədar ailə ol” və “Sosial tərəfdaşlıq” layihələri, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sosial layihələri geniş auditoriyaya çatdırılıb.
Bununla yanaşı, Nərgiz Fondu, Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu, TƏBİB və Səhiyyə Nazirliyi kimi qurumların təşəbbüsləri – qan donorluğunun təşviqi, icbari tibbi sığorta, şəhid ailələrinə dəstək və xeyriyyə aksiyaları barədə sosial mesajlar da reklam daşıyıcılarında nümayiş etdirilib.
ADRA-nın bu fəaliyyəti maarifləndirici mesajların əhatə dairəsini artıraraq xüsusilə gənclər arasında sağlam həyat tərzinin və sosial məsuliyyətin təşviqinə mühüm töhfə verib.


