Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov çıxışında xalqımızın qəhrəmanlıq salnaməsindən, Zəfər Gününün tarixi əhəmiyyətindən və Dövlət Bayrağı Gününün milli birliyimizin rəmzi kimi dəyərindən bəhs edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbənin Azərbaycanın gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Agentliyin Aparatının rəhbəri Nahid Qasımov çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin güclü Azərbaycan dövlətinin hərbi qüdrətinin və xalqımızın birliyinin təntənəsi olduğunu bildirib.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş 20 nəfərə yaxın ADRA əməkdaşı da iştirak edib. Onların torpaqlarımızın azadlığı uğrunda göstərdikləri xidmət və fədakarlıq yüksək qiymətləndirilib, rəhbərlik tərəfindən onlara minnətdarlıq ifadə olunub.
Sonda həmin əməkdaşların fikirlərini və xatirələrini əks etdirən, Zəfər Gününə həsr olunmuş sənədli filmin nümayişi keçirilib.


