Cari ilin sentyabr ayından başlayaraq Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Ərazi Reklam Idarələrinin əməkdaşları üçün “Açıq məkanda reklam fəaliyyətinin hüquqi tənzimlənməsi” mövzusunda silsilə təlimlər keçirilib.
Təlimlərin məqsədi əməkdaşların peşə hazırlığını gücləndirmək, reklam sahəsində qanunvericiliyin düzgün və vahid şəkildə tətbiqini təmin etmək olub. Agentliyin Hüquq şöbəsi tərəfindən təşkil edilən, videokonfrans formatında və canlı iclas şəklində baş tutan təlimlərdə iştirakçılara açıq məkanda reklam yayımı üzrə yaranmış borc öhdəliklərinin ödənilməsi qaydası, reklam qanunvericiliyinin pozulmasına görə məsuliyyət, icazə və məlumatlandırma icraatının hüquqi xüsusiyyətləri barədə geniş məlumat verilib. Bununla yanaşı reklam qurğularının demontajı və reklam yayımının dayandırılması ilə bağlı prosedurlar izah olunub və prosessual sənədlərin tərtibi üzrə praktiki məşğələlər keçirilib.
Təlimlərə ümumilikdə 232 əməkdaş cəlb olunub və proqram çərçivəsində mövzuların mənimsənilmə səviyyəsi qiymətləndirilib.


