105 il bundan əvvəl, xalqımızın başına gətirilən müsibətli mart qırğınları yaddaşımıza tariximizin qanlı səhifəsi kimi, azərbaycanlıların soyqırımı olaraq həkk olunmuşdur. İllər, əsrlər ötsə də, 1918-ci ildə baş vermiş bu qanlı hadisə unudulmur, xalqımız tərəfindən dönə-dönə xatırlanır, günahsız soyqırım qurbanları yad edilir.
Bəli, unutmaq, unutmağa vadar edilmək xalqın ən böyük faciəsidir. Çox təəssüf ki, böyük, dərin keçmişi olan Azərbaycan xalqının tarixində bu faciənin qurbanına çevrilmək də varmış. Belə ki, zalım düşüncəli imperialist dövlətin sərsəm siyasəti, bu siyasətin parçası olan xəstə xislətli bir millətin zorla yurdumuzda yerləşdirilməsi nəticəsində xalqımız bu böyük faciəni yaşadı. 200 il başımıza olmazın əziyyətlər gətirildi, ən təsiredici məqam isə ‘böyük dövlət’in hördüyü incə siyasət toru ilə millətin manqurtlaşmağa doğru sürüklənməsi idi. İllər uzunu xalqın heysiyyatı ilə oynandı, öz əlimizlə əzəli düşmənlərimizə xalq qəhrəmanı kimi heykəllər qoyduruldu. Qansız düşmənlərimizi öz əlimizlə ucaltdıq, hətta vəsv etdik, pərəstiş də etdik. Saymaqla bitməyən daha hansı utanverici hadisələr keçmədi başımızdan. Bütün bunları xalq olaraq yaşadıq, yaşamağa məcbur buraxıldıq. Tariximizə dönüb baxdıqda xəcalət çəkir insan, axı niyə bunlar başımıza gəldi, niyə bu müsibətləri yaşadıq, dövlətçilik ənənələrimizi məhv edənlərə, unutduranlara şərait yaratdıq, niyə kim olduğumuzu və nəyə qadir olduğumuzu unutduq?
Artıq keçmişi dəyişə bilmərik, lakin, bu günümüz və gələcəyimiz bizimdir, uzun illərdən, əsrlərdən sonra tarixinə böyük sərkərdəsi və xalqın birlik “yumruğu” ilə möhtəşəm Qələbə imzalı tarix həkk edən Azərbaycan xalqının. Lakin, bu da haqdır ki, keçmişini unudan, gələcəyini qura bilməz. Elə isə bir qədər dünənimizə, tariximizin 2 əsr əvvəlinə nəzər salaq, xalqımızın ağır sınaqlarla üzləşdiyi, zaman-zaman, mərhələlərlə mənfur düşmən xislətinin qurbanına çevrildiyi, soyqırıma məruz qaldığı dönəmləri yada salaq. XIX əsrin əvvəlləri.., ağılalmaz rus siyasəti ilə doğma torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış ermənilər öz mistik xulyalarını gerçəkləşdirmək məqsədilə çox çirkin və qanlı fəaliyyətlərə başlayırlar. Ağalarının himayəsi altında tarixi torpaqlarımız üzərində “dənizdən-dənizə” böyük dövlət qurmaq arzularına çatmaq üçün azərbaycanlıları milli etnos kimi yer üzündən silmək bahasına. Bəli, iki əsrdən artıq bir müddətdə bu əsassız iddiani gerçəkləşdirməyə çalışan məkrli millət, bu məqsədlə terrorizm, soyqırım və deportasiya kimi dəhşətli beynəlxalq cinayətlərdən çəkinməmiş, yeri gəldikdə insanlığa sığmayan yırtıcı, vəhşi simasında, çox zaman isə məzlum maskanın altında öz xəstə ruhlu xislətlərini sürdürmüş və bu günə qədər düşmənçilik mövqelərindən əl çəkməyi düşünmürlər. Belə ki, son iki əsrdə onların məqsədyönlü şəkildə törətdikləri terror aktları və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan xalqı mərhələli şəkildə-1905-1906, 1918-1920, 1937, 1948-1953, 1988-1989, 1992-ci illərdə soyqırıma məruz qalmışdır.
Nəticədə isə xalqımız ağır məhrumiyyətlər yaşamış, son dərəcə böyük məşəqqətlərlə üzləşmişlər. Yaşından asılı olmayaraq minlərlə azərbaycanlı, südəmər körpələr belə bu çirkin siyasətə qurban getmiş, xüsusi amansızlıqla qətlə yetirilmiş, öz dədə-baba yurdlarından sürgün edilərək didərgin salınmış, tarixi etnik torpaqlarından qovularaq kütləvi qətl və qırğınlarda tələf olmuşdur. Xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskənləri isə ya süni şəkildə mənimsənilmiş, ya da dağıdılıb viran qoyulmuşdur. 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Salyan və Neftçala ərazisində vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. 1918-ci ildə başlanan 4 ay yarım davam edən mütəşəkkil erməni qırğını onların qeyri-insani, cəllad təbiətini daha da üzə çıxartmışdı. Erməni faşistləri bu ərazilərdə minlərlə dinc azərbaycanlı əhalini-qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdaraq yandırmışlar. Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, erməni məkri, erməni xəyanəti rayonumuzdan da yan keçməmişdir. Belə ki, erməni-rus birləşmələri Xəzər dənizindən Kür çayına keçməklə burada da qanlı qırğınlar törətmişlər. Onlar qərbə tərəf yürüş etmək üçün Yevlax körpüsünü dağıtmaq, Gəncəbasarı, Şamaxını, Mili, Muğanı müqavimətsiz məhv etmək niyyətində idilər. Bu məqsədlə Salyan, Xıllı, Neftçala ərazisində 6000 nəfərlik əsgəri qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi yerləşdirmişdilər. Məqsədlərini həyata keçirmək üçün Kür çayına daxil olan erməni-rus qüvvələri Bankə, Seyidlər, Uzunbabalı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbqardaşbəyli, Cəngan, Qaraqaşlı boyunca dinc əhaliyə, günahsız insanlara-qadınlara, uşaqlara xüsusi qəddarlıqla divan tutmuş, məscidlərə yığıb yandırmış, quyulara dolduraraq daşlamış, süngülərə keçirmiş, körpə uşaqları itlərə yem etmişdilər. Həmin tarixi yaşamış, möcüzə sayəsində sağ qalmış şahidlər isə o hadisələri böyük əziyyətlə xatırlayır, belə deyirdilər: “Kür qan axırdı”. Lakin yenə də böyük təəssüflə qeyd etmək lazımdır ki, nənələrimizin, babalarımızın yaşadıqlarını, danışdıqlarını dinləsək də onlara qulaq vermir, inana bilmirdik. Hətta, saf və sadəlövlüklə bu qanlı hadisələrin səbəbkarlarının “dost və qardaşlarımız” deyil, hansısa digər “daşnaq” adlı millətin törətdiyinə inanırdıq. Azərbaycan xalqını bu müdhiş zülmdən xilas etmək üçün qardaş Türkiyənin o vaxtkı hərbi naziri Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu yaradıldı. Nuru Paşanın komandanlığı altında türk və Azərbaycan könüllülərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu azğın düşməni məhv etdi, onların hərbi gəmilərini Kür çayında batırmağa müvəffəq oldu. Həmin döyüşlərdə Neftçala ərazisində Qafqaz İslam Ordusunun 11 əsgəri qəhrəmancasına şəhid oldu. Onlardan 2-si azərbaycanlı, 9-u isə türk əsgəri olmuşdur. Torpağa tapşırılan 10 türk əsgərinin məzarı uzun illər, türklərə və qəhrəmanlıq tariximizə qatı düşmən mövqeyində olan sovetlər dönəmində belə rayonun Seyidlər qəbiristanlığında nəmalum, əmanət qəbir olaraq yerli camaat tərəfindən qorunmuş, hər zaman ehtiram göstərilmişdir. Haqq itirməyən yerli camaatın insanpərvərliyi sayəsində həmin əmanət kiçik türk məzarı hazırda tariximizin bir parçası olaraq qorunur, nəsillərə şahidlik edir. 2004-cü ildə burada böyük memorial abidə kompleksi ucaldılmış, xalqın ziyarətgahına çevrilmişdir. İllərlə bu məzarı, abidəni ziyarət edənləri sanki, mistik, xəfif bir zəng-zınqrov səsi salamlayır.
Sanki bu xəfif zəng səsi yaşanan tariximizin bir daha unudulmaması üçün çalınır. Ulu Öndər Heydər Əliyev demişdir: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. Bəli, çox təssüf ki, uzun illər tariximizin bu faciəvi səhifəsi məqsədli şəkildə xalqdan gizlədilmiş, gün üzünə çıxardılmamışdı. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin böyük səyi nəticəsində öz hüquqi-siyasi qiymətini aldı, 1998-ci il martın 26-da isə tarixi onun Sərəncamına əsasən “31 Mart azərbaycanlıların soyqırımı günü” elan edildi. Bu tarixin bir daha unudulmaması, milli yaddaşımızın qorunması və gələcək nəsillərə, ən əsası isə beynəlxalq aləmdə məzlum maskası altında fəryad edən erməni cəlladlarının iç-üzünün dünya ictimaiyyətinə çatdırılması və həqiqətlərin duyurulması məqsədilə Möhtərəm Prezidentimizin birbaşa təşəbbüsü və göstərişi ilə mühüm işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması, 2013-cü ildən xarici və daxili turistlərə açıq olması, 2 əsr tariximizdəki erməni terrorunun və talançılığının araşdırılması bu istiqamətdə görülən işlərin mühüm parçasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev soyqırım qurbanlarını yad edərək belə demişdir: “Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” İllər, əsrlər keçməsinə baxmayaraq, Ölkəmizdə hər il mart ayının 31-i, azərbaycanlıların soyqırımı günü dərin hüznlə qeyd olunur, ermənilərin dövlət səviyyəsində dəstəklədikləri soyqırım və terror siyasəti pislənilir. İki əsr boyu soyqırıma məruz qalmış o günahsız qurbanların, yurddaşlarımızın ruhu artıq rahatlığa qovuşmuşdur. Onların qisası Müzəffər ordumuz, igid oğullarımız tərəfindən alınmış, cəlladları isə layiqli şəkildə cavablandırılmışdır.
Nəzakət Məmmədova;
Neftçala rayon sakini, ictimai fəal, yazar


