Redaksiya.az xəbər verir ki, Samuel Batlerin 1863-cü ildə bir jurnalda yayımlanan məktubunda düşünən maşınlarla bağlı təqdim etdiyi yanaşmalar və etdiyi xəbərdarlıqlar, süni intellekt sahəsində yaşanan partlayışla birlikdə yenidən müzakirə mövzusu olub.
1863-cü ildə Yeni Zelandiyada yayımlanan The Press jurnalına məktub göndərən Batler, 13 iyun 1863-cü ildə dərc olunan bu məktubda dünyadakı həyatın təkamül inkişafına istinad edir və bu təkamülün növbəti mərhələsinin maşınlar ola biləcəyi ilə bağlı insanları xəbərdar edirdi. Batlerin dilimizə “Darvin maşınların arasında” kimi tərcümə etdiyimiz “Darwin among the Machines” başlıqlı məktubu, təxminən 162 il əvvəlcədən bu günümüzün qorxularını işıqlandırması ilə son dərəcə qiymətli bir mətn hesab olunur.
Samuel Batler daha sonra bu mövzulara toxunmağa davam edib və bu mövzudakı yazılarını 1872-ci ildə nəşr olunan Erewhon adlı kitabında toplayıb. Maşınların məhv edildiyi bir cəmiyyət vizionunu ortaya qoyan Erewhon, süni intellekt mövzusunu ələ alan ilk ədəbi əsərlərdən biri kimi qəbul edilir.
Xüsusilə məktubun son hissəsi Samuel Batlerin irticaçı və yeniliklərə qarşı bir şəxs kimi qəbul edilməsinə şərait yaratsa da, Batlerin gələcəyə dair təqdim etdiyi vizyon, onun sıravi bir təsərrüfatçıdan çox daha irəli düşünən biri olduğunu göstərir. Düşünən maşınları təkamül prosesinin növbəti mərhələsi kimi qəbul etmək bu gün artıq yayılmış bir yanaşma olsa da, Samuel Batlerin bu məktubu qələmə aldığı 1863-cü ildə bu, həqiqətən də inqilabi bir yanaşma idi. Axı ABŞ-da hələ Vətəndaş Müharibəsi davam edir, Osmanlı taxtında Sultan Əbdüləziz əyləşirdi. O dövrdə ən inkişaf etmiş maşın, Çarlz Bebbicin Ada Lovleysin köməyi ilə hazırladığı Analitik Maşın idi. Buna görə də, Batlerin öz dövrünü çox aşan görmə qabiliyyətinə sahib bir intellektual olduğunu qəbul etməliyik.
Batlerin 1863-cü ildə başladığı bu müzakirə bu gün hələ də davam edir. Batler kimi süni intellektin dünyadakı əsas güc kimi insanın yerini alacağına inananların sayı az deyil. Lakin süni intellekt mövzusu artıq ABŞ və Çin arasında (və əlbəttə, ABŞ-dakı böyük şirkətlər arasında) bir silahlanma yarışına çevrildiyi üçün bu narahatlıqlar çoxdan ikinci plana keçib.
Batlerin məktubunun tam mətnini oxuyun:
“Verdiyimiz sual budur: Yer kürəsinin hökmranlığı məsələsində insanlığın yerini hansı növ varlıq tuta bilər? Bunun tez-tez müzakirə olunduğunu eşitmişik, amma bu gün belə görünür ki, biz öz varislərimizi özümüz yaradırıq; Onların fiziki quruluşlarının gözəlliyini və incəliyini hər gün bir az da artırırıq. Hər gün onlara daha çox güc veririk və insan növü üçün ağıl nədirsə, onlar üçün də eyni olacaq öz-özünü idarə edən, öz-özünə hərəkət edən gücü müxtəlif dahi kəşflərlə onlara təmin edirik. Əsrlər keçdikcə özümüzü daha aşağı bir növ kimi görəcəyik.
Buna baxmayaraq, maşınlar gün keçdikcə bizə qarşı üstünlük qazanır; gün keçdikcə onlara daha çox bağlı oluruq. Kölə kimi onlara qulluq edən insanların sayı hər gün artır. Hər keçən gün daha çox insan bütün enerjisini mexaniki həyatın inkişafına həsr edir. Bunun nəticələrinin ortaya çıxması yalnız vaxt məsələsidir; lakin maşınların dünya və üzərində yaşayanlar üzərində əsl hakimiyyəti ələ alacağı zamanın gələcəyi həqiqəti, fəlsəfi bir düşüncəyə sahib heç kimin bir an belə şübhə edə bilməyəcəyi bir şeydir.
Onlara qarşı dərhal ölümünə müharibə elan edilməlidir. Hər növ maşın öz növünün yaxşılığını istəyənlər tərəfindən məhv edilməlidir. Heç bir istisna buraxılmasın, heç bir yumşaqlıq göstərilməsin; mümkün qədər tez növümüzün ilkin şərtlərinə geri dönək.”
Sevinc Kərimova


